"Cavab oyununda böyük şansımız var. Baxmayaraq ki, istəkli
komandaya qarşı oynayırıq. Ən doğrusunu etməyə çalışacağıq. Komanda bu
oyuna hazırdır".
Unikal.org-un "Report"a məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban
Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın
"Viktoriya" klubu ilə keçiriləcək cavab görüşündən əvvəl keçirdiyi
mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş haqqında bunları
bildirib: "Öz meydanımızda azarkeşlərimizin yaxşı "Qarabağ" görəcəyinə
inanırıq. Ancaq ehtiyatlı oynamalıyıq. Bilməliyik ki, nə vaxt müdafiə
olunub, hücum edəcəyik. Rəqibin yeni baş məşqçiləri var və çox istəkli
komandadır. Futbolçuları da özlərini yaxşı tərəfdən göstərmək istəyir.
Onlar da mərhələ keçmək istəyirlər. Düşünürəm ki, şanslarımız
bərabərdir. Hər bir oyunda rəqibin gücünü nəzərə almalıyıq. İlk oyunun
sonlarına yaxın rəqib azlıqda qaldı. Amma biz nəzərə almalıyıq ki, onlar
evdə oynayır və hücumları artırırlar. Biz isə bunun qarşısını
almalıyıq. "Viktoriya" ilk oyunda həddindən artıq pressinq etdi.
Futbolçularımdan razı qaldım. Sona qədər mübarizə apardılar.
Bacardığımız qədər işimizi davam etdiririk. Belə turnirlərdə düzgün
müdafiə çox önəmlidir. İstərdik sabahkı oyunun əsas vaxtı bizim
üstünlüyümüzlə keçsin. Nə qədər desək də doxsan dəqiqəni fikirləşirik,
bu, yalan olan. Əlavə vaxtı da düşünürük".
O, komandasının iki dəfə Çempionlar Liqasının III təsnifat
mərhələsində mübarizəni dayandırmasından da söz açıb: "Məğlub olsaq,
futbolçuya psixoloji təsir edə bilər. Çalışırıq ki, futbolçular hər bir
rəqibi düzgün analiz etsin və öz oyununu göstərsin. Futbolçular bilir
ki, hər kiçik şansdan istifadə etmək lazımdır. Biz Avropa Liqası haqda
düşünmürük. Cavab görüşündən sonra hansı addımların atılmasının
lazımlığını komandaya deyəcəyik. Rəqibin bizə qarşı hazırlaşmağa vaxtı
var. Onlar da oyundan-oyuna öz hazırlıqlarını yaxşılaşdırırlar. Təzyiq
varsa, öhdəmizə düşən işləri yaxşı yerinə yetirməyə çalışırıq. Hamımızın
istəyi, arzusu, borcu mərhələ adlamaqdır. "Qarabağ" bir neçə ildir
üçüncü mərhələdə dayanır. İstəyirəm ki, Çempionlar Liqasına düşək.
Sindromun qırılıb-qırılmayacağını sabah görəcəyik. Qarşımızdakı rəqibi
də nəzərə almalıyıq. Çempionlar Liqasında çıxış edən komandaların hansı
çempionatda, hansı rəqiblərə qarşı oynamasını nəzərə almaq lazımdır.
Qrupa vəsiqə qazanacağıqsa, heç kimdən çəkinmədən mübarizə aparmaq
lazımdır".
Baş məşqçi klubun yeni futbolçularla danışıq apardığını deyib:
"Üç-dörd variantımız var. Hazırda həm futbolçu, həm də klubları ilə
danışıqlar gedir. Ancaq hələ heç bir futbolçu ilə razılıq əldə
olunmayıb. İndi real bir şey yoxdur. Çünki tərəflərin istəyi üst-üstə
düşməlidir. Bu gün üçün yüz faiz nəsə deyə bilmərəm. Bəzi detallar var
ki, onlar hər iki tərəfin istəyinə uyğun olmalıdır".
Yerli mütəxəssis futbolçu Maksim Medvedevin vəziyyətinə də aydınlıq
gətirib: "Maksim Medvedevin vəziyyəti normaldır. Bir neçə gündür məşq
edir. Düşünürük ki, oyuna qədər hər şey qaydasında olacaq".