Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə zonasında aparılan bərpa-gücləndirmə işləri yekunlaşıb.
Unikal.org bildirir ki, bu barədə APA-ya məlumat verən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı mövcud avtobus dayanacağına giriş-çıxış yolu və ticarət mərkəzinə (avtobus dayanacağının qarşısından keçən yol) gedən yol da bərpa olunaraq asfaltlanıb.
Qeyd edək ki, "Azəravtoyol" ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılıb. Yamacın yuxarı hissəsində 5 ədəd istinad divarı, yamacın aşağı hissəsində isə 4 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb. Yamacın yuxarı və alt hissəsində mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 100-ə yaxın ədəd svay vurulub.
Qeyd edək ki, ötən il oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə hadisəsi baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.