Hər ay "Facebook" sosial şəbəkəsinə daxil olan istifadəçilərin sayı 1.71 milyardı ötüb. Bu haqda "Facebook"un hesabatında qeyd olunub.
Hesabat məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% yüksəlib. 2016-cı ilin iyununda gündəlik "Facebook"a daxil olan istifadəçilərin sayı 1.13 milyard nəfər təşkil edib.
Unikal.org ICTnews-a istinadən bildirir ki, hesabatda, həmçinin mobil qurğular üzərindən sosial şəbəkəyə daxil olan aktiv istifadəçilərin sayı qeyd olunub. Sözügedən sosial şəbəkənin aylıq mobil auditoriyası 1.57 milyard nəfər (+20%), gündəlik isə 1.03 milyard nəfər (+22%) təşkil edir.
Həmçinin "Facebook"un cari ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri hesabatda öz əksini tapıb. Belə ki, ötən illə müqayisədə şirkətin ümumi mədaxili 59% artaraq 6.44 milyard dollar təşkil edib. "Facebook"un xalis rüblük gəliri ötən illə müqayisədə 3 dəfə artaraq 2.06 milyard dollar təşkil edib.
Qeyd edək ki, bir həftə öncə "Facebook"un messencerində 1 milyard aktiv istifadəçi qeydə alınıb.