İcra başçısı özünə zirehli maşın alıb - 500 min dollara
Neftin qiymətinin kəskin düşməsi ilə manatın iki dəfə devalvasiyası Azərbaycanda faktiki iqtisadi böhran yaradıb. Ağır iqtisadi şərtlər xüsusilə əyalətlərdə etiraz aksiyaları ilə müşahidə olundu ki, bu səbəbdən də hökumət bir sıra addımlar atdı - unun qiyməti endirildi, məvacib, təqaüd və sosial müavinətlərdə 10 faizlik artıma qərar verildi.

Neftin qiymətinin dövlət büdcəsində 80 dollardan 25 dollara endirilməsi, bəzi idarə və komitələrin ləğvinə başlanılması iqtidarın qənaət rejiminə keçdiyini göstərir. Prezident son müşavirələrdə dövlət büdcəsindən ayrılmış vəsaitin israfçılıqla xərclənməsinə toxunaraq, xüsusilə rayonlarda bu işə ciddi nəzarət ediləcəyini deyib. Prezident tapşırıb ki, icra başçıları indi hər 3 aydan bir görülən işlər və xərclərlə bağlı hökumətə hesabat verməlidir. Həmçinin dotasiyaya göz dikmiş rayon icra başçılarının da vəziyyəti nəzərə almalarını, əvvəlki tək arxayın olmamalarını deyib.

Statistika da göstərdi ki, sosial tələblərlə aksiya keçirilən rayonlara illərlə milyonlarla pul ayrılsa da, nə iş yerləri açılıb, nə də xalqın güzəranının yaxşılaşması üçün lazımi addımlar atılıb. Xalq kasıbladıqca isə icra başçıları daha da varlanıb, özlərinə dəyəri milyonlarla ölçülən mal-mülk alıblar. Aksiyalardan yayılmış videomateriallarda da icra başçılarının harınlaması haqda deyilənlər buna sübutdur.

Belə bir durumda isə Gəncə əhalisini hiddətləndirən bir fakt ortaya çıxıb. Məlum olub ki, Gəncənin icra başçısı Elmar Vəliyev özünə zirehli maşın alıb. Xəbəri verən mənbə deyib ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə yığdırdığı deyilən JEEP-LEXUS 500 min dollar dəyərindədir. 20 AA 001 dövlət seriyalı avtomobili icra başçısının hansı vəsaitlə aldığı məlum deyil. Əvvəl Yevlaxda, sonra isə Gəncədə icra başçısı işləyən Elmar Vəliyev üçün 500 min dollar elə də böyük xərc deyil və bunu şəxsi büdcəsindən də ödəyə bilər. Yeri gəlmişkən, ilk devalvasiyadan - 21 fevraldan bir neçə gün öncə icra başçısının banklardan birindən 2 milyon dollar aldığı barədə xəbərlər yayılmışdı.

Əlbəttə, hər kəs, o cümlədən icra başçıları da öz vəsaitləri ilə istədikləri avtomobili ala bilərlər. Amma indiki həssas məqamda icra başçısının zirehli maşına minməsi diqqət çəkir. Əvvəla, prezident tapşırıb ki, icra başçıları özlərini xalqdan üstün tutmasınlar, onların arasında olsunlar, dərd-sərlərinin dinləsinlər. İkincisi, hətta şəxsi vəsaitlə belə prezidentin rayondakı nümayəndəsinin krizis dövründə çox dəbdəbəli avtomobilə minməsi istər-istəməz diqqət çəkir, əhalidə qıcıq doğurur. Neft böhranının vurduğu Rusiyada artıq bir müddətdir ki, yerli qubernatorlar nəinki dəbdəbəli istirahət edə, heç bahalı xidməti maşına belə minə bilmirlər. Azərbaycanda isə, görünür hələ ki, hər şey əksinədir: icra başçıları xalqın çətin durumunda belə xarici ölkələrdə istirahətlərindən qalmırlar, dəbdəbəli həyatlarını davam etdirirlər...
E.Vəliyev dəbdəbəli həyata meyilli məmurlardandır. Təxminən 1 il öncə mətbuatda onun oğlunun Bakıda və Gəncədə kartejlə gəzdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, Elmir Vəliyev güclədirilmiş mühafizə altında və kortejdə gəzir. Kortejdəki maşınların bir neçə yüz min dollar olduğu iddia olunurdu. Başçı oğlunun LEXUS, "Galendevagen", BMW və s. bu kimi bahalı markalardan olanda maşınlarda gəzdiyi yazılırdı.
musavat.com