Bakının nəqliyyat sistemi ilə bağlı hazırlanan yeni konsepsiya çərçivəsində, nəhayət, dayanacaqlardakı informasiya terminallarının işi də təkmilləşdiriləcək. Çünki hazırkı vəziyyətdə bu cihazlardakı məlumatlar yalnız çaşqınlıq yaradır.
Ofeliya Hüseynova - sakin: "Ehtiyac duymuşam, maraqlanmışam, ancaq hansı terminala yaxınlaşmışam, heç biri işləməyib".
Zoya Əliyeva - sakin: "Çox vaxt işləmir. İstifadə etmək istəsən də, işləmir".
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, mövcud vəziyyətlə paytaxtın bütün avtobus dayanacaqlarında rastlaşmaq mümkündür. Dayanacaqlardakı avtobus terminallarının işləməməsinə səbəb enerji daşıyan kabellərin sıradan çıxmasıdır.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Nuridə Allahyarova bildirir ki, agentlik bu vəziyyətdən xəbərdardır. Problemin həllinə gəlincə isə, oktyabrda qəbul ediləcək Bakının nəqliyyat konsepsiyası bütün çətinliklərin aradan qaldırılmasına hesablanıb: "Bütün tələblər həmin konsepsiyada yer alıb. Bu problem aradan qaldırılacaq. Sözügedən terminallarda mütəmadi olaraq avtobusların gəlib-getmə vaxtları olacaq".
Agentlik rəsmisi bildirir ki, işlək vəziyyətdə olan terminallarda məlumatların düzgün əks olunmaması yeni avtobusların bu sistemə tam inteqrasiya etməməsi ilə bağlıdır. Gələcəkdə, həmçinin mobil telefon vasitəsi ilə alternativ və bağlı yollar haqqında məlumatların verilməsi planlaşdırılır.
Avtobusların kart sisteminə keçidi məsələsinə gəlincə, artıq sentyabrın 1-dən Bakıda daha 6 marşrutda ödəniş nağdsız olacaq. Bakı Nəqliyyat Agentliyi mərhələli formada paytaxtın bütün avtobuslarının bu sistemə qoşulması üzərində iş aparır.