Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Konstitusiya Referendumu layihəsi artıq gündəmin əsas mövzusudur. Demək olar ictimai-siyasi arenada, eyni zamanda, cəmiyyətdə müzakirə olunan konstitusion dəyişikliklər müsbət qarşılanır. Ən mühümü isə odur ki, bu dəyişikliklər istər sadə vətəndaşlar, istər ictimai-siyasi xadimlər, ziyalılar, istərsə də gənc nəsil tərəfindən dəstəklənir. Nəzərdə tutulan hər bir dəyişiklik detalları ilə müzakirə edilərək, təqdir olunur.

Qeyd etmək lazımdır ki, Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır.Və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.Bu gün bəzi mənfur qüvvələr tərəfindən fərqli yanaşılan və süngü ilə qarşılanan bəzi müddəalar məhz, gənclərin önünü açmağa xidmət edir. Yeni dəyişikliklərdən sonra gənc nəslin dövlət idarəçiliyində iştirakı üçün yeni imkanlar açılacaq.

Bu barədə fikirlərini «Unikal»la bölüşən YAP Gənclər Birliyinin (GB) koordinatoru Elmar Məmmədov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının təqdim edilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu dəyişikliklər Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatındakı dəyişiklikləri, siyasi müasirləşmə prosesinin sürətlənməsini əks etdirir: «Referendum Aktı layihəsi Azərbaycanda Konstitusiya quruluşunun, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident və parlament seçkilərində yaş məhdudiyyətlərinin aradan qaldırılması demokratiyanın inkişafına xidmət edir: Dəyişikliklər sübut edir ki, biz yeni mərhələyə qədəm qoyur, həmçinin vətəndaşlarımızın təhlükəsiz yaşamasına, dövlət-milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib. YAP Gəncləri də bu işdə fəal iştirakı ilə yadda qalacaq, üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək".

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin sədri Səbuhi Abbasov «Unikal»a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumu müsbət qarşılayır və hesab edir ki, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Onun sözlərinə görə, Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır: «Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri ölkəmizin dünyada baş verən proseslərlə ayaqlaşmasına hesablanıb. Referendum Azərbaycan tarixində yeni səhifə açacaq.

Azxeber.com portalının baş redaktoru, tanınmış gənc jurnalist Hacıbəy Heydərli «Unikal»a bunları deyib: «Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər müstəqil dövlətimizin bundan sonra da daim güclü olmasına xidmət edəcək. Bu dəyişikliklər Azərbaycan xalqının istəyini və tələblərini özündə əks etdirir. Bu gün Azərbaycanımızı xarici ölkələrdə kifayət qədər uğurla təmsil edən və ölkəmizi tanıdan yüzlərlə gənc var, bu dəyişikliklər nəticəsində həmin gənclər sözlərini daha mötəbər tribunlardan - Milli Məclisdən demək şansı əldə edəcək. Deputatlıq üçün tələb olunacaq 18 yaş limiti Azərbaycan dövlətinin gəncliyimizə verdiyi dəyərin göstəricisidir».

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı fikirlərini «Unikal»la bölüşərkən deyib ki, Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının təqdim edilməsi müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Ümumiyyətlə, Konstitusiya islahatlarının aparılması bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir. O bildirib ki, Konstitusiyanın dünyada və ölkədə gedən proseslərə uyğun bir şəkildə inkişafı tam bir qanunauyğunluqdur: "Konstitusiyaya təklif olunan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabitliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".
F.Şahbazlının sözlərinə görə, təklif olunan dəyişikliklərə əsasən vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaşa vətəndaşlıq hüququndan tam istifadə imkanı yaradacaq: "Bütövlükdə Konstitusiyaya təklif olunan bu və digər dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

Z.Məmmədli