Prezidentdən islahat mesajı; Məmurlara növbəti xəbərdarlıq edildi
09:37 27-01-2016
İQTİSADİYYAT
İlham Əliyev: "Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar"
Dünən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycan prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak edirlər. Konfransda prezident İlham Əliyev çıxış edib.
Bank sektorunda
"təmizləmə"
"Tələbələrə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik". Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: "Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək".
Məmurlara daha bir mesaj
"Nə üçün məmurlar öz kabinetlərində yerli istehsal olan mebellərdən istifadə etmirlər? Bizdə yerli şirkətlər var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Buna son qoymaq lazımdır". Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib. O, məmurları təvazökar olmağa, yekəxanalıqdan uzaq olmağa çağırıb. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: "Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər".
Onun sözlərinə görə, xidməti maşın kimi isə Naxçıvanda istehsal edilən "Naz Lifan" markalı maşınlardan istifadə etmək olar. O, məmurlara bu avtomobilləri daha çox almalarını tövsiyə edib. Belə olacağı təqdirdə həm yerli istehsal artacaq, həm də xaricə valyuta axmayacaq: "Mənə yerli istehsal olan hərbi ayaqqabı göstəriblər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Nə üçün?".
Ölkə başçısı
islahata hazırlaşır
"Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir". Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: "Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin".
Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: "2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür".
Prezident narahatlığa
əsas görmür
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib: "Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?"
Dövlət başçısı bildirib ki, əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi: "Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik".
Azərbaycanın tolerant dövlət olduğunu söyləyən prezident qeyd edib ki, Bakıda bu il BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: "Bizim iqtisadiyyat da sürətlə inkişaf etməyə davam edəcək".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17