"İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və YAP rayon təşkilatı gənclər birliyinin fəal iştirakı ilə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma İsmayıllı gəncləri ciddi hazırlaşır. Bu məqsədlə fəaliyyət proqramı tərtib edilib".
Bu sözləri unikal.org-a İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirib.
O vurğulayıb ki, Konstitusiyaya dəyişikliklər müasir Azərbaycanın bu günü və gələcəyi ilə sıx sürətdə bağlıdır: "Sosial-iqtisadi həyatda, siyasətdə, diplomatiyada, beynəlxalq münasibətlərdə dəyişiklik yarandıqca, hüquqi dövlət quruculuğu təkmilləşdikcə, demokratik dəyərlər zənginləşdikcə Konstitusiyaya yeni əlavələrə və dəyişikliklərə də ciddi ehtiyac yaranır.
Dəyişikliklər çox sahələri əhatə edir. 18 yaşdan seçməklə yanaşı seçilmək hüququnun Konstitusiyada təsbit olunması, Prezident seçkilərində aşağı yaş həddinin götürülməsi idarəetməyə və qanun yaradıcılığına daha çox gəncin cəlb edilməsinə şərait yaradacaq. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə referenduma təklif olunan Konstitusiyaya dəyişikliklər və ona əlavələr real həyatdan doğur və gələcəyə hesablanıb. Hər bir gəncin vəzifəsi isə ondan ibarətdir ki, təbliğat işində daha fəal iştirak etsin. Referenduma təklif olunan məsələləri özümüz dərindən öyrənməli, sonra isə yerlərdə təbliğ etməliyik".
İdarə rəisi deyib ki, YAP rayon təşkilatı referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradıb: "Tərkibin müəyyənləşdirilməsində gənclərə daha çox üstünlük verilib. "Yeni Azərbaycan təşəbbüs qrupuna İsmayıllıdan seçilən 5 nəfərin 3-ü gəncdir. Referendumun təbliğində, onun mahiyyətinin seçicilərə çatdırılmasında YAP rayon təşkilatının gənclər birliyi rayon gənclər və idman idarəsi ilə birgə fəaliyyət göstərəcək.
İnsan hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının Konstitusiyasına edilən bütün dəyişikliklər və əlavələr hüquqlarımızı bir daha artırır, Milli Məclisin fəaliyyətinə tənzimedici müdaxiləni zəruri edir. Ən əsası ölkənin təhlükəsizliyinin təminatı üçün hüquqi əsas yaradır. İsmayıllı gəncləri bütün bunların təbliğində fəal iştirak edəcək, referendumun uğurla yekunlaşması üçün bütün qüvvələri səfərbər edəcəkdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi ilə YAP rayon təşkilatı referenduma hazırlıqla əlaqədar tərtib edilmiş birgə fəaliyyət proqramını qəbul ediblər.
Gənclik həvəsi və enerjisi ilə başlanan referenduma aid təbliğat işi təbiidir ki, yüksək nəticə ilə yekunlaşacaq".