Prezident böhrandan çıxış yollarını göstərdi
11:03 28-01-2016
İQTİSADİYYAT
İndi bütün komanda bu göstərişlərin uğurla icrasına cəlb olunmalıdır
Yanvarın 26-da regionların inkişafı proqramının gedişinə həsr edilmiş, sahibkarların və nazirlərin iştirak etdiyi konfransda prezident İlham Əliyev ölkənin yeni inkişaf strategiyasının tezislərini təqdim etdi. Dövlət başçısı qlobal iqtisadi krizisdən yayınmaq məqsədilə yerli istehsalın inkişafının prioritet təşkil etməsini bir daha önə çəkərək bu sahədə atılacaq addımlardan bəhs edib.
Prezident İlham Əliyev kənd təsərrüfatı sektorundakı artımın 6,6 faiz olduğunu diqqətə çatdıraraq böhranlı illərdə həm kənd təsərrüafatının, həm də digər istehsal sahələrinin inkişafına diqqətin artırılmasını mühüm vəzifə kimi müəyyənləşdirdiyini diqqətə çatdırdı: "Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".
Prezidentin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün isə Azərbaycanda idxalın əvəz edilməsinə yönələn məhsulların istehsalı artırılmalıdır. Təkcə yerli tələbatı ödəmək üçün deyil, həm də xaricə çıxarılması mümkün olan məhsulların istehsalını genişləndirmək və bu istiqamətdə xüsusi məqsədli planlar hazırlayıb həyata keçirmək lazımdır. Əgər söhbət mürəkkəb texnologiya məhsullarından gedirsə, buna 10 illlərlə vaxt lazımdır. Ancaq digər xeyli sayda məhsul var ki, Azərbaycanda istehsal edilə bilər. Araşdırmalar aparılmalıdır ki, neftdən başqa hansı məhsulları ixrac edib gəlir əldə edə bilərik.
Belə ki, neftdən sonra bir neçə istiqamət müəyyənləşdirilməlidir ki, Azərbaycanın ixracında xüsusi çəkiyə malik olsun. Kənd təsərrüfatı sözsüz ki, burada mühüm rol oynaya bilər. Kənd təsərrüfatı məhsullarının həm daxili tələbatı ödəmək üçün istehsalını artırmaq, həm də keyfiyyətini artırmaqla xaricə çıxarmaq və valyuta qazanmaq olar. İkincisi isə bir sıra prioritet sahələr elan etmək və həmin sahələr üzrə innovasiyalı inkişaf proqramları işləyib hazırlamaq lazımdır. Sahibkarlara əlverişli kreditlərin verilməsini genişləndirmək, vergi güzəştləri tətbiq etmək lazımdır. Kənd təsərrüfatında çox işlər görmək lazımdır. Dövlət dəstəyi gücləndirilməli, güclü nəzarət mexanizmi yaradılmalıdır.
Azərbaycan dövləti artıq daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görməyə başlayıb. Fikrimcə, yaradılan iri fermer qurumları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr tərəfindən bu problemin həlli qısa müddət ərzində sürətləndiriləcək.
Daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün bir neçə yol var. Birincisi, yerli istehsal artırılmalıdır. Əgər bu, baş verərsə, ölkəyə xaricdən gətirilən məhsullara tələbat azalacaq. İkincisi isə sözügedən istiqamətdə tədbirlərin həyata keçirilməsidir. Əvvəla hazırda kənd təsərrüfatında kooperativ və kooperasiyaların yaradılmasına böyük ehtiyac duyulur. Bu fikir reallaşarsa, aqrar sektorda həm xərclər azalacaq, həm də Azərbaycana xeyir verən məhsullar bazara daha çox çıxarılacaq. Bu, əsas hədəf olmalıdır.
Xərclərin azaldılması ilə bağlı atıla biləcək addımlar birmənalı şəkildə Azərbaycanda yerli istehsalın stimullaşdırılmasına xidmət etməlidir. Ona görə də güzəştli kreditlərin verilməsi, neft güzəştlərinə baxılması kimi məsələlərə önəm verilməlidir. Bütün bunlar isə son nəticədə, təbii ki, yerli istehsalın güclənməsinə xidmət edəcək. Üçüncüsü isə ölkə idxalının tamamilə liberallaşdırılmasıdr. Sevindirici haldır ki, artıq bununla bağlı addımlar atılıb.
Hazırda qarşıda duran əsas vəzifələrdən biri də yeni sahibkarlıq subyektlərinin yaradılmasına və onların idxalla məşğul olmalarına nail olmaqdır. Belədə şübhəsiz ki, idxalda rəqabət yaranacaq. Bu isə, eyni zamanda, daxili bazarda qiymətlərin tənzimləməsinə imkan verəcək.
Sözügedən istiqamətdə fəaliyyətlərin genişlənməsi daxili bazarda qiymətlərin təbii yolla tənzimlənməsinə gətirəcək. Əgər proses liberallaşarsa, o zaman artıq süni qiymət artımı anlayışı da aradan qalxacaq. Belə olarsa, dövlətin inzibati müdafiəsinə ehtiyac qalmayacaq və nəticədə qiymətlər sürətlə aşağı düşəcək.
Bütün bu problemlərin aradan qaldırılması və həlli istiqamətində bir ildən az vaxt tələb olunacaq. Qeyd edək ki, bu ortamüddətli hədəfdir və zaman tələb edir. Bütün bu və bu qəbildən olan digər tədbirlərin uğurla həyata keçirilməsi isə prezidentin də ifadə etdiyi kimi ölkəmizi böhranlı illərdən çıxarmaqla yanaşı, Azərbaycanın gələcək inkişafını da təmin etmiş olacaq.
Başqa sözlə, prezident böhrandan çıxış yollarını göstərdi. İndi bütün komanda bu göstərişlərin uğurla icrasına cəlb olunmalıdır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17