Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü regional siyasətlə yanaşı, qlobal geosiyasətə təsir göstərəcək və artıq göstərən amildir.

Moskva və Tehranla münasibətlərin daha da aktivləşdirilməsi isə birmənalı olaraq Azərbaycanın maraqlarına xidmət edən prosesdir.
Bu formatın hələlik ən önəmli məsələlərindən biri "Şimal-Cənub" dəmiryol layihəsidir.

Marşrut işə düşəndən sonra Azərbaycan yalnız Rusiya və İran arasında tranzit ölkəyə çevrilməyəcək, həm də Çindən Avropaya uzanan yollar üzərində nəqliyyat qovşağı, habı olacaq. Azərbaycan yüz milyonlarla dollar gəlir əldə edəcək.
Regional əməkdaşlığı inkişaf etdirmək üçün əla imkanlar yaranıb və əgər Moskva, Bakı və Tehran qarşılıqlı əlaqələri belə yüksək səviyyəyə qaldırırlarsa, deməli, geosiyasi məkanda formalaşan yeni "trio" bölgədə təsir rıçaqlarına malik olmağa çalışan kənar dövlətlərin cəhdlərini effektiv şəkildə zərərsizləşdirməyə başlayıb.

Bununla yanaşı, Rusiya və İranla əlaqələrin yeni formatı Azərbaycanın dünya siyasətindəki çəkisi ilə yerini də artırır. Çünki Rusiya və İran təki qlobal supergüclər görüş üçün məkan qismində Bakını seçiblərsə, deməli, Moskva ilə Tehran regional güc qismində Bakının önəmini anlayır və etiraf edirlər.
Qərbə gəldikdə isə, təbii ki, ABŞ və Avropa Birliyi Bakı-Moskva-Tehran üçbucağının formalaşmasından çox narazıdır. Ən azı, ona görə ki, Azərbaycanı göstərişlər və əmrlər vasitəsilə idarə edilən dövlətə çevirə bilməyən, postsovet məkanındakı bəzi ölkələr təki, rəsmi Bakıya "regional inkişaf və demokratik dəyərlərin güclənməsi" vədləri verərək ölkənin siyasi, maliyyə, humanitar, hərbi və iqtisadi potensialını istismar etməyə çalışan güclər illər əvvəl pərişan qalıblar.

Azərbaycan müstəqil siyasət yürütməklə, hər hansı dövlətin göstərişlərini əməl etmək fikrindən çox uzaq olduğunu bəyan etməklə, çox sərt təzyiqlərə, bəzən tragikomediyaya çevrilən pressinqlərə sinə gərərək "insan haqları, qeyri-hökumət təşkilatları və siyasi azadlıqlar" kəlmələrini təzyiq şüarlarına çevirənlərin bütün istəklərini puç edib.

Rəsmi Bakı Şərq və Qərblə eyni istiqamətli, yüklü və məzmunlu münasibətlər qurduğundan özlərini "çox böyük güclər" hesab edən dövlətlərin Azərbaycana təsir planları baş tutmayıb, çox iyrənc ssenarilər uğursuzluğa düçar olub.
Azərbaycanın Rusiya, xüsusilə də İranla əlaqələri isə ölkəni asan idarə olunan kvazidövlətə döndərməyə çalışan qüvvələrin ümumiyyətləümidsizliyə qapılmasına səbəb olub.
Əslində rəsmi Bakı qayət normal, şəraitə uyğun, perspektivlərə hesablanmış siyasət yürüdür və məhz bu siyasət bizdən Rusiya və İranla münasibətləri maksimum dərəcədə inkişaf etdirməyi tələb edir.
Rusiya şimal, İran cənub qonşumuzdur, bu ölkələrlə əlaqələrin daha da güclənməsi şəksiz olaraq Azərbaycanın maraqlarına cavab verir.
Bakıdakı müzakirələr və əldə olunan razılaşmalar qonşu ölkələr arasında normal dövlətlərarası münasibətlər çərçivəsindən kənara çıxmır. Belədirsə, Qərbin də hər hansı narazılıq üçün heç bir səbəbi, əsası yoxdur.

Region dövlətləri daha sıx əməkdaşlıq etmək qərarına gəliblər və anlaşma hamıya sərfəlidir.


Türkiyə və ya İranın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə təsirlərinə gəldikdə isə, belə ehtimalların reallıq şansı azdır. Minsk Qrupunda həmsədr dövlət qismində Rusiyanın imkanları daha çoxdur və əslində, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya həddən ziyadə ciddi rol oynaya bilər.
Təsadüfi deyil ki, Bakıda aparılan danışıqlarda "Şimal-Cənub" və digər strateji sərmayə layihələr müzakirə olundu ki, ediləcək. Bütün bunlar böyük Avrasiya diplomatik marafonunun tərkib hissəsidir.

Dünənki üçtərəfli sammitin prioritet mövzusunun iqtisadi-ticari və sərmayə əməkdaşlığı olması elə Rusiya heyətinin tərkibindən də bilinir. Belə ki, Vladimir Putinlə birlikdə baş nazirin müavini DmitriRoqozin, xarici işlər naziri Sergey Lavrov, enerji və nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, iqtisadiyyat naziri Aleksey Ulyukayev, habelə Rusiya Dəmiryollarının vitse-prezidenti Aleksandr Mişirin və "Rosneft"in başçısı İqor Seçin də gəlmişdilər.

Putinin Türkiyə prezidenti, daha sonra isə Ermənistan prezidenti ilə keçirəcəyi görüşlər ərəfəsində Avrasiyada inteqrasiya proseslərinin sürətləndiyini göstərən daha bir əlamətdar hadisə baş verib. Belə ki, keçən həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev 15 iyul hərbi çevriliş cəhdindən sonra Ankaraya rəsmi ziyarət gerçəkləşdirib.
Ankarada danışıqların sonunda keçirilən mətbuat konfransında Türkiyə lideri ABŞ və Avropa Birliyinin ünvanına sərt ifadələr səsləndirib. Nazarbayev isə öz növbəsində Türkiyə və Qazaxıstanın Rusiya məsələsində eyni baxışlara sahib olduğunu və Türkiyənin Şanxay əməkdaşlığı təşkilatında iştirakından məmnun olacağını bildirib. Ərdoğan Rusiya prezidenti ilə Sankt-Peterburqda həyata keçirəcəyi görüşdə "iki ölkə arasında münasibətlərin əvvəlki vəziyyətə qayıdacağını" söyləyərək rəsmi Moskva ilə münasibəltərin düzəlməsində Qazaxıstan prezidentinin rolunu xüsusilə qeyd edib.

Əgər son dövrə qədər Avrasiya inteqrasiyasının əsas mühərrikləri rolunda Rusiya və Qazaxıstan iştirak edirdisə, indi üçüncü mühərrik kimi Türkiyə daxil ola bilər. Avrasiyanın aparıcı dövlətinin regionda inteqrasiya proseslərinə qoşulması Peterburq sammitinin ən böyük nəticəsinə çevrilə bilər.
Rusiya, Azərbaycan və Türkiyə liderləri arasında kontaktların yüksək səviyyədə canlanması Moskvada gerçəkləşdiriləcək daha bir vacib görüşün - Vladimir Putin və Serj Sərkisyan arasında müzakirələrin proloqu olacaq.
Bu, Ermənistan prezidentinin son bir ayda Moskvaya gerçəkləşdirdiyi ikinci səfərdir.
Əvvəlki görüş Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ zonasında gərginliyin azaldılması ilə bağlı baş tutmuşdu. Lakin həmin üçtərəfli sammitdən sonra münaqişənin nizamlanması daha qeyri-müəyyən xarakter alıb. İrəvanda baş verən silahlı qiyam Ermənistanda radikal əhval-ruhiyyənin qalxdığını və Serj Sərkisyanın mövqelərinin zəiflədiyini göstərdi.

Bu situasiyada isə Sərkisyan öz rejiminin qorunub saxlanması üçün başlıca oyunçuların dəstəyinə ciddi ehtiyac duyur.
Rusiyadan başqa Ermənistan üçün belə oyunçulardan biri kimi, nə qədər gözlənilməz olsa da, onun barışmaz düşmənlərindən Türkiyə iştirak edə bilər. Türkiyə KİV-ləri də Ərdoğanın xarici siyasətdəki münaqişə potensiallarını azaltmaq üçün Ermənistanla əlaqələri düzəltlməkdə maraqlı olduğunu yazır. Qəzetlərdən birinin yazdığına görə, Türkiyə və Emənistan arasında təmasların bərpası əslində iyul ayında baş verməli idi, sadəcə hərbi çevriliş cəhdi buna mane olub. Bu səbəbdən hər iki prezidentin arxa-arxaya Rusiyaya edəcəkləri ziyarətlərhəmin ölkələr arasında münasibətlərin normallaşması üçün əsas ola bilər".

Fəqət, bütün bunlar illüziya təsiri bağışlayrı: Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmayınca Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşma prosesi mərhələsinə başlaması Ankara və Bakı arasındakı anlaşmalara zidd məsələ, Türkiyənin Azərbaycanın maraqlarına əks addımlaratması olardı.

Rəsmi Ankara isə bunu edən deyil.

... Rusiya, Azərbaycan və İranın dövlət başçılarının Bakı görüşü, aparılan danışıqlar və əldə olunan razılaşma bölgədəki tərəfdaşlığın tam yeni formatının əsasını qoydu. Rusiya və İran dünyanın ən böyük enerji dövlətləri arasında yer alan ölkələr, Azərbaycansa ən önəmli logistik mərkəzlərdən və nəqliyyat qovşaqlarından biridir. Əməkdaşlıq dünya miqyasında enerji siyasətinə yeni təkan verəcək.

İranla Rusiya həm də Xəzər dənizinin ilk əvvəl sahilyanı dövlətlərin maraqlarının tələb olunmasına can atırlar.
Tərəfdaşlığın əleyhdarları isə faktiki olaraq artıq heç nə edə bilməzlər. Azərbaycan, Rusiya və İran iqtisadiyyatına, xüsusilə də neft-qaz layihələrinə yatırılmış on milyardlarla dollarlıqsərmayə pulla "xalq etirazları" yaradıb "beşinci kolon"u maliyyələşdirməyə adət etmişləri bu dəfə düşünülməmiş addımlar atmaqdan çəkindirəcək.

Milli.az