Əli Həsənovdan manat və aksiya açıqlaması
10:27 29-01-2016
İQTİSADİYYAT
Prezidentin köməkçisi: "Bunu xalqın "narazılığı", "etirazı" kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır"
"Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın "üzən məzənnəyə" keçidi barədə qərar qəbul olundu".
"Unikal"ın məlumatına görə, müsahibəsində prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. PA rəsmisi qeyd edib ki, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. O deyib ki, indiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.
Ə.Həsənov devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirməyin düzgün olmadığını deyib. "Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı.
Digər tərəfdən, 2008-ci ildə postsovet məkanında Rusiya və Gürcüstan arasında baş verən hərbi konfliktdən dərhal sonra neftin qiyməti dərhal kəskin şəkildə aşağı düşməyə başladı və qısa zaman ərzində bir barelə görə 150 dollardan 39 dollara kimi endi. Həmin dövrdə təkcə neft hasil edən ölkələrdə deyil, həm də dünyanın inkişaf etmiş iqtisadiyyatlarında da ciddi durğunluq və hətta ressesiya müşahidə olundu. Lakin bu proses çox çəkmədi və az sonra qiymətlər sabitləşdi, neftin dəyəri yenidən 100 dolları keçdi.
Ə.Həsənov yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında keçirilən etiraz aksiyalarından da bəhs edib. O deyib ki, bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. "Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya "xalq hakimiyyətin siyasətindən narazıdır" və buna görə də öz "etirazını bildirir".
Əslində isə həmin "aksiyalarda" azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu "aksiyalara" devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın "narazılığı", "etirazı" kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır".
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17