Avropada TAP-a qarşı əngəllər
10:30 29-01-2016
İQTİSADİYYAT
Və ya köhnə ssenarilərin yeni çətinlikləri haqqında
Enerji təhlükəsizliyi məsələsi Avropa üçün çox aktualdır. Mütəxəssislərin qənaətinə görə, yaxın perspektivdə "qoca qitə"nin enerji daşıyıcılarına olan tələbatı daha da artacaq.
Hazırkı mərhələdə Avropanın, əsasən, Rusiya qazından asılı olması bu kontekstdə xüsusi məna kəsb edir. Belə çıxır ki, Brüssel alternativ layihələrə üstünlük verməli, onların həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe tutmalı, o cümlədən TAP kimi perspektivli proyektlərə diqqət yetirməlidir. Lakin proseslər göstərir ki, Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin bəziləri tamamilə fərqli mövqe tutmağa çalışırlar. Layihədə payı olan bir sıra Qərb şirkətləri də məntiqsiz hərəkət edirlər. Bu cür vəziyyətdə TAP-ın reallaşması məsələsi yenidən gündəmə gəlmiş olur. Bəs nəyə görə belə hadisələr baş verir? TAP kimlərin maraqlarına toxunur?
Enerji təhlükəsizliyi
məsələsində TAP
faktoru: yeri və rolu
Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığını ekspertlər bir neçə ildir ki, danışırlar. Dünyada özünü göstərən mürəkkəb geosiyasi proseslər fonunda bu məsələ daha kəskin və təcili həll edilməli olan problemlərdəndir. Avropa, ilk növbədə, konkret bir ölkədən enerji asılılığını aradan qaldırmağın yollarını axtarır. Bir sıra hallarda uğurlu addımlar ata bilir. Lakin təcrübə Brüsselin xarici siyasətində başqa bir məqamın da yer aldığını əyani göstərir.
Biz, Aİ-nin siyasətdə ikili standartlara yol verməsini nəzərdə tuturuq. Eyni zamanda bu təşkilat daxilində kənar qüvvələrin maraqlarına uyğun hərəkət edən ölkələrin mövcudluğu faktını da qəbul etməliyik. Bu tezis, bəlkə də, etirazla qarşılana bilər, lakin konkret arqumentlərimiz var.
TAP (Trans-Adriatik boru kəməri) layihəsi Avropanın enerji təhlükəsizliyi üçün irəli sürülmüş təklifdir. Burada "Cənub dəhlizi" enerji marşrutu çərçivəsində qazın Aİ dövlətlərinə çatdırılması strateji hədəf kimi seçilib. Geosiyasi kontekstdə TAP Qərbin Rusiyadan enerji, Ukraynadan isə tranzit asılılığının aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Mərkəzi Asiya və Xəzər hövzəsindən enerji daşıyıcılarının Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Yunanıstana, Albaniyaya və sonra İtaliyaya, oradan da Aİ-nin başqa ölkələrinə nəql edilməsini nəzərdə tutur. Türkiyənin Yunanıstanla sərhəddində TAP Trans-Anadolu qaz kəməri (TANAP) ilə birləşməlidir.
Məlumdur ki, hər iki layihənin təşəbbüskarlarından biri Azərbaycandır. Əvvəlcədən Bakı bu məsələdə kifayət qədər təmkinli, ciddi və konstruktiv mövqe tutub. Maliyyə xərclərinin xeyli hissəsini öz üzərinə götürüb. Rəsmi Bakı keçən müddətdə layihənin reallaşması üçün siyasi-diplomatik və praktiki səviyyədə konkret addımlar atıb. Azərbaycan Prezidenti bununla bağlı danışıqlar aparıb, səfərlər edib, müzakirələrdə aktiv iştirakçı olub.
Bu həqiqətləri hamı bilir. Lakin layihənin reallaşması ilə əlaqədar Avropadan qaynaqlanan problemlər meydana gəlib. Bu müstəvidə real vəziyyəti açıq ifadə etməyə ehtiyac vardır. Məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfinin bu cür məsuliyyətli addımları fonunda Aİ-nin bir sıra üzvləri, yumşaq desək, qəribə hərəkətlər edir, məsələn, İtaliyada bir növ "antiTAP" əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Özü də bunu kimlərin etdiyi ilə bağlı maraqlı faktlar vardır.
KİV-də yayılan məlumatlara görə, İtaliyanın Apuliya əyalətində (buna bəzi dillərdə Puglia da deyilir - Newtimes.az) TAP əleyhinə çıxışlar son zamanlar sistematik hal alıb. Oradakı QHT-lər sırasında ekoloji durumu bəhanə edərək qaz kəmərinin çəkilməsinə etiraz edənlər var (məsələn, "Beş ulduz hərəkatı" və "Comitato No TAP" təşkilatı daha çox fəallıq göstərirlər).
Onlar qaz kəmərinin adıçəkilən əyalətin ərazisindən keçməsinin ətraf mühitə zərər vuracağından bəhs edir, bunun təsdiqi kimi, məsələn, zeytun bağlarının məhv olacağını göstərirlər. Apuliya regionunun başçısı Michele Emiliano da bu mövqedədir. Lakin İtaliya hakimiyyəti bu mövqe ilə razılaşmır və layihənin mənfi fəsadlarının olmayacağına əmindir.
Maraqlıdır, bəs hansı səbəblərdən İtaliyanın bir regionu TAP-a qarşı çıxır? KİV-in yaydığı məlumata görə, həmin bölgənin digər dövlətlərlə sıx əlaqələri vardır (bax: Tatğəna Zıkova. Sır ne vıpal. İtalğənskiy biznes ostaetsə v Rossii / "Rossiyskaə qazeta", 17 dekabr 2015). Biz bu məsələnin konkret hansı mexanizmlə TAP-la əlaqəli olduğunu deyə bilmərik. Lakin bir sıra tarixi faktlar və paralelliklər müəyyən nəticələr çıxarmağa imkan verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən baş verən bir sıra hadisələri xatırlatmaq istərdik.
Bir xatırlatma:
qeyri-adekvat,
anlaşılmaz siyasətin
yaratdığı risklər
Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi zamanı Gürcüstanın Borjomi əyalətinin ərazisindən keçən hissəsində hansısa ekoloji problemlərin yarana biləcəyi haqqında bir sıra yerli QHT-lər hay-küy saldı. Onlar əsassız iddialarla layihənin çox zərərli olacağından danışırdılar, orada mineral su ehtiyatlarının çirklənə biləcəyini, torpaq sürüşməsinin baş verəcəyini və s. deyirdilər. Azərbaycanın o dövrdəki rəhbəri Heydər Əliyev yüksək siyasi iradə nümayiş etdirərək bu problemi həll etdi. Lakin hadisənin əsl səbəbi də aydın oldu - Gürcüstanda bəzi dairələr layihədən daha çox pul qoparmaq məqsədi ilə bu hoqqanı çıxarıbmış.
Başqa tərəfdən, xeyli əvvəl müəyyən xarici qüvvələrin bu layihənin qarşısını almaq üçün Azərbaycana qarşı çox amansız addımlar atdığını da unutmaq olmaz. Sui-qəsdlərə cəhdlər, bir neçə adamın qətlə yetirilməsi, dövlət çevrilişi planları reallıqlardır. Yenə də məhz Ulu Öndər böyük siyasətçi qətiyyəti və müdrikliyi ilə bu mənfur planları puça çıxardı.
İtaliya bu məsələdə tək deyil. Yunanıstan hakimiyyəti də TAP-la bağlı anlaşılmayan addımlar atmağa cəhd göstərir. Ölkə rəhbərliyi müqavilənin demək olar ki, bütün şərtlərini dəyişmək istəyində idi. O cümlədən yunanlar qazı daha ucuz qiymətə almaq iddiasına düşmüşdülər (bax: Novıe riski proekta Trans-Adriatiçeskoqo truboprovoda / "1news.az", 22 dekabr 2015).
Bundan başqa, 2008-ci ildən TAP layihəsinin üzvü olan "Statoil" şirkəti ondan imtina edərək 20%-lik payını satıb (bax: əvvəlki mənbəyə). Onu satın alan isə İtaliyanın "Snam" şirkətidir. Kim zəmanət verə bilər ki, bu şirkət də hansısa ekoloji bəhanədən və ya çox xərc çıxmasından istifadə etməyəcək?
Yuxarıdakı qısa müqayisələr göstərir ki, eyni ssenarilər təkrar olunur. Borjomi suyunu italyan əyalətinin üzümləri əvəz edir. Etiraz mexanizmi və məzmunu isə dəyişməz qalır - əgər TAP reallaşmasa İtaliyanın həmin əyaləti də, onları kənardan qısqırdanlar da xoşbəxt olacaq! Ancaq təəssüf ki, bunlar məsələnin əsl səbəbi deyil. Hiss olunur ki, burada daha düşündürücü məqamlar var.
Məsələ Aİ-nin geosiyasi oyunlarının bir sıra aspektlərindən ibarətdir. İndi Avropa İsrail, İraq, Qətər, Səudiyyə Ərəbistanı, İran və Mərkəzi Asiya ölkələrindən qaz almaq imkanlarına malikdir. Bu kontekstdə onlar ən çətin zamanlarda Avropaya enerji satmaqdan çəkinməyən Azərbaycan kimi tərəfdaşa qarşı etibarsız davranmağı özlərinə rəva görürlər. Konkret olaraq, TAP-a elə münasibət göstərilir ki, bütün maliyyə yükü Azərbaycanın üstünə düşsün. Ya da layihədən imtina etmək məsələsinin yarana biləcəyinə işarə verirlər. Doğrudur, Azərbaycan üçün Avropa bazarı çox önəmlidir, ancaq o, müstəqilliyini və maraqlarını heç kəsə güzəştə gedə bilməz.
Onu da xatırlatmağa dəyər ki, Aİ bu cür hərəkətləri ilə başqalarına da təxribatçı təsirlər göstərir. Məsələn, şübhə etmirik ki, Avropa TAP-la bağlı belə hərəkət etməsəydi, Gürcüstan Azərbaycan qazı ilə əlaqədar qeyri-müəyyən addımlar atmağa cəsarət etməzdi. Belə çıxır ki, bu halda Bakı "fürsət yoxsulları" ilə üz-üzə qalıb.
Lakin yaranmış vəziyyətdən çıxış yolu da olmamış deyil. TAP daha çox Avropaya lazımdır. Azərbaycan TANAP-la da kifayətlənə və ya başqa tərəfdaş tapa bilər. Hər bir məsələdə müsəlman dövlətini günahlandırmaq şakərinə avropalılar özləri son qoymalıdırlar. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan enerjinin nəqli məsələsinə korrektələr edə bilər. İranın dünya bazarına yenidən qayıdışı ilə bu istiqamətdə imkanlar genişlənir. Digər tərəfdən, Mərkəzi Asiya və Çindən başlayan enerji marşrutları Azərbaycan üzərindən keçir. Nəqliyyat sferasında Avropanın Azərbaycan kimi sözünün üstündə dayanan tərəfdaşlara ehtiyacı çoxdur.
Bunlar meydana bir sıra suallar da çıxarır. Hər şeydən əvvəl, Avropa ölkələrinin səmimi tərəfdaş olmasına şübhə yaranır. Belə təəssürat formalaşır ki, onlar daha çox özlərinə sərf edən istiqamətdə addım atır, bir vaxtlar möhkəm söz verdikləri proyektlərdən tərəfdaşın vəziyyətini nəzərə almadan imtina edə bilirlər. Əslində, belə addımlar Avropanı vaxtaşırı çətin duruma salır. Bu, digər sahələrdə də müşahidə olunur. O cümlədən onunla uzun müddət əməkdaşlıq etmək xəttini seçmiş ölkələrin qərarlarına yenidən baxmaq istəyi baş qaldıra bilər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17