Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində bu gün Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.

Unikal.org-un məlumatına görə, "Azəravtoyol ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir.

Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.

Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.

Prezident yol açılışında -  Foto
Prezident yol açılışında -  Foto