Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi ilə bağlı bir sıra tədbirlər sabah başa çatır.

Unikal.org Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilən Təqvim Planına əsasən, avqustun 12-də səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.

Avqustun 12-də həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi də başa çatır.

Nömrələri və hüdudları göstərilən seçki məntəqələri siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələri siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi müddəti də sabah başa çatır.

Eyni zamanda seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasınа, mətninə, formasına, ayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti avqustun 12-də başa çatır.

Bundan əlavə avqustun 12-dən seçicilərə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır və bu proses sentyabrın 1-ə qədər davam edəcək.