Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Azərbaycanda saxta pul kəsməkdə təqsirləndirilərək həbs edilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin barələrində çıxarılmış məhkəmə hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org-un məlumatına görə, şikayət araşdırılıb və qərar elan olunub.
Məhkəmənin qərarı ilə şikayət qismən təmin edilib, təqsirləndirilən şəxslərin barəsində olan həbs cəzası 10 ildən 6 ilə endirilib.
İttihama görə, ötən il aprelin 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar.
Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Onların barəsində ilkin hökm Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.