Bu gün xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəqin erməni əsilli olduğu iddia edilən həmkarı Georgi Kot ilə görüşməsini əks etdirən fotolar yayılıb.
Unikal.org primetime.az-a istinadən bildirir ki, Şəfəq, baş verənlərə belə aydınlıq gətirib:
- Yazılan xəbərlərdən sonra sosial şəbəkələrdə sizə edilən hücumlara necə reaksiya göstərirsiz? İddialara görə bu gecə vətəni tərk etməyə hazırlaşırsınız...
- Görünən odur ki, çəkdiyim zəhmətə dəyər, qiymət verilmir. Bu gün yox, amma həmişə demişəm ki, Azərbaycanda qədrim bilinmir. Ona görə də yaxın gələcəkdə vətənimi tərk etmək fikrim var. Mənim kimi sənətkarlar çıxış yolunu ölkə xaricinə getməkdə görürlər.
Vallah, mən Soçidən dünən gəlmişəm. Kaş görərdiniz, Georgi Kotun ustad dərslərində nə qədər azərbaycanlılar var idi. Mənə deyirlər ki, Şəfəq xanım sizdən sonra bura azərbaycanlılar axın etməyə başlayıblar. Georginin şagirdlərinin demək olar ki, 90%-i azərbaycanlıdır.
-Yəni deyirsiniz ki, nahaqdan qınaq obyektinə tuş gəlmisiniz...
-Axı, Georgi Kot erməni deyil. Biz bilirik ki, erməni soyadlarının sonu "yan"la bitir. Hər bir insan atasının genini daşıyır. Mənim atam Lerikdə, anam Biləsuvarda doğulub. Məndən soruşanda ki, kökün Azərbaycanın hansı bölgəsindəndir, deyirəm, lerikliyəm. Hər şey ata tərəf ilə ölçülür ... Bildiyim qədər o, rus əsllidir. Atasının da adı Vasili Vasileviç Kotdur. Onun anasının nəslini araşdırmaq mənə düşüb? Anasından mənə nə? Bu bir reallıqdır ki, dünyada Georgidən yaxşı stilist yoxdur. Kaş onun kimi stilist Amerikada olaydı, onun yanına gedərdim.
- Səsinizdən hiss olunur ki, ruhdan düşməmisiniz.
- Belə şeylərə fikir vermirəm. Bu dəqiqə yalnız işlərimlə məşğulam. Vaxtımı belə mənasız söz-söhbətə ayırmıram. Şərh yazanlar da boş-bekar adamlardır. Onsuz da Azərbaycandakı stilistlərin məndən zəhləsi gedir. Mənim əldə etdiyim nailliyətlər onları qıcıqlandırır. Vallah, mən bunların heç birinə fikir vermirəm. Başımı aşağı salıb, öz işimlə məşğul oluram.
- Sizcə adınızın hallandığı qalmaqal necə bitəcək?
- Georgi dərs zamanı bütün tələbələrinin içində yalnız məndən ağızdolusu danışaraq, hətta səhifəsində də ünvanıma təriflər yağdırıb. O, səhifəsində hər adamla fotosunu paylaşmır. Onun azərbaycanlılara çox böyük hörməti var. Vətənimizi çox sevir. Georgi dəfələrlə vurğulayıb ki, mən erməni deyiləm, rusam... Dediyim ki, mən bu adamı erməni kimi tanımamışam. Qalmaqala gəlincə, bir daha vurğulayıram ki, bu mənə qarşı düşünülmüş növbəti qara piardır. Mehriban düşmənlərim qoy Allah-Təala qarşısında cavab versinlər.