İdmanda yeni bir uğur qazanmağa başlamışıq. Artıq xaricdə Azərbaycan idmançılarına böyük maraq yaranıb.

Unikal.org bildirir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan idmançılarının Rio Olimpiadasındakı çıxışları barədə fikirlərini bölüşərkən deyib.



Millət vəkili, azərbaycanlı ağır atlet Nicat Rəhimovun bir sıra subyektiv səbəblər üzündən Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını tərk edib Qazaxıstana üz tutaraq bu ölkənin bayrağı altında olimpiya çempionu olmasına da münasibət bildirib:



"Nicat Rəhimovun Qazaxıstan bayrağı altında Rio Olimpiadasında qızıl medal qazanması çox sevindirici bir məsələdir. Bu, o deməkdir ki, Azərbaycan idmançıları artıq dünyanı fəth etməyə başlayıblar. Düzdür, ağırlıqqaldırma üzrə qazandığımız lisenziyaların ləğv edilməsi həmin federasiyada bir sıra ciddi işlərin görülməsinin vacibliyini göstərir. Hesab edirəm ki, olimpiadadan sonra bu məsələ ilə ciddi məşğul olacaqlar".



Qeyd edək ki, artıq 2 ilə yaxındır Qazaxıstanı təmsil edən Nicat Rəhimov Rio Olimpiadasında ağırlıqqaldırma yarışlarında yeni olimpiya rekordu müəyyən etməklə olimpiya çempionu adını qazanıb.