Prezidentin köməkçisi mövcud durumu şərh etdi
09:00 03-02-2016
İQTİSADİYYAT
Əli Həsənov: "Neftin qiymətinin düşməsi ilə bağlı
itkilərimizin böyük hissəsi kompensasiya olunacaq"
"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb".
Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışında deyib.
Ə. Həsənov bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub: "2004-cü ildən Azərbaycan böyük neft pulları qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident İlham Əliyev Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Ümumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir".
Əli Həsənov deyib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkə kimi ötən müddət ərzində nəqliyyat-tranzit imkanlarını əsaslı şəkildə genişləndirib: "Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri Qərblə Şərqin, Avropa ilə Asiyanın əlaqələrində xüsusi bir həlqə təşkil edəcək, bununla da ölkəmizin tranzit imkanları əsaslı şəkildə realizə olunacaq. Hazırda bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi istiqamətində ciddi iş gedir. Çindən çıxan məhsulların Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Aralıq dənizi marşrutu ilə Avropa bazarına çatdırılması sınaq mərhələsindədir. Bilirsiniz ki, Azərbaycan artıq Xəzər dənizində ən böyük ticarət limanını istifadəyə verib. Bu ilin sonunda dəmir yolu çalışmağa başlayacaq və Qazaxıstan, Türkmənistan və Rusiyada da eyni infrastrukturlar tam işə düşdükdən sonra Azərbaycana böyük gəlirlər daxil olacaq, ölkənin gələcək inkişafı üçün əlavə resurslar yaranacaq. Bununla yanaşı, Azərbaycan Cənub-Şimal daşımalarında da əsas həlqələrdən biri kimi iştirak edir. İrandan və Fars Körfəzi regionundan gələn yüklərin Azərbaycandan Xəzərdəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz terminallarına çatdırılması da qarşıda duran məsələlərdir. Bir sözlə, biz indi həm enerji, həm də nəqliyyat-tranzit resurslarından istifadə imkanları üzərində işləyirik. Bundan başqa, "Cənub" qaz dəhlizi çərçivəsində "Şahdəniz 2" fazasının işlənməsi və böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində iş gedir. Hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da "Cənub" qaz dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-02 14:45:42
2024-11-02 11:36:52
2024-11-01 17:27:07
2024-11-01 16:49:44
2024-11-01 12:25:00
2024-11-01 11:46:52
2024-11-01 10:37:55
2024-11-01 10:11:56
2024-11-01 10:01:35
2024-11-01 09:46:47
2024-11-01 09:17:40
2024-11-01 09:11:32
2024-11-01 09:02:38
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38