Bəzi məmurlar minlərlə vətəndaşı hökumətə qarşı çevirir
10:24 04-02-2016
İQTİSADİYYAT
Onların arasında ixtisara düşənlər də, bağlanan bankların müştəriləri də var
Son vaxtlar bəzi məmurların fəaliyyəti hökumətə qarşı yeni narazılar ordusu yetişdirməyə yönəlib. Bu sırada xüsusilə dövlət qurumlarında aparılan ixtisarlardan sonra ixtisara düşənlər və bağlanan bankların minlərlə müştərisi üstünlük təşkil edir.
Sonunculardan başlayaq. Məsələ burasındadır ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bir neçə bankı bağlamasından sonra (xatırlatma: son bir ay ərzində Mərkəzi Bank ölkə üzrə 7 bankın lisenziyasının dayandırılması barədə qərar verib. Bağlanan bankların sırasında "Gəncə Bank" ASC, "Bank of Azerbaijan", "Yunayted Kredit Bank" ASC və "NBCBank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Texnikabank" ASC və "NBC Bank" ASC-nin adları çəkilir) həmin bankların yüzlərlə işçisi ilə bərabər, çoxsayda müştərisi də ciddi problemlərlə üz-üzə qalıb. Belə ki, bağlanan bankların müştəriləri hesablarındakı pulun aqibəti ilə bağlı heç kimdən dürüst məlumat ala bilmədiklərini, bankomatların möhürləndiyini və plastik kartlarla əməliyyatların dayandırıldığını, həmçinin bankların bağlanmasından öncə həyata keçirdikləri bəzi ödənişlərin sona çatmadığını bildirirlər.
Məsələn, Mingəçevir sakini Xaqani Məmmədov bir neçə gün öncə "Texnikabank" ASC vasitəsi ilə ölkədən xaricə göndərilmiş pulun yoxa çıxdığını bildirir: "Gürcüstanda olduğum zaman mənim adıma pul göndərmişdilər. Amma gəlib çatmadı. Burada isə həmin köçürmənin taleyi barədə konkret bir məlumat verə bilmirlər, yenidən Gürcüstana getməyi məsləhət görürlər".
Bağlanan bankların telefonları işləmir və müştərilərə heç bir cavab verilmir. Məlumatsız qalan müştərilər problemləri ilə bağlı Mərkəzi Banka müraciət etdikdə isə onlara hüquq şöbəsinə zəng etməyi məsləhət görürlər. Həmin şöbədə belə müştərilərə yalnız bir telefon nömrəsi xidmət edir. Buna görə də bağlanan bankların müştəriləri saatlarla həmin nömrəyə düşə bilmirlər.
Beləliklə, son günlərdə bağlanmış bankların müştərilərinin "Banklar haqqında" qanunda təsbit olunmuş hüquqları pozulur. Qanuna görə, bankın lisenziyasının alınmasından sonra Mərkəzi Bank bu obyektə müvəqqəti inzibatçı təyin edir.
Qanuna görə, müvəqqəti inzibatçı təyin olunduğu gündən bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. "Bankın müvəqqəti inzibatçısı bankın satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər",- deyə maddədə bildirilir.
Yəni qanunda banka müvəqqəti inzibatçı təyin olunan gün bankın fəaliyyətinin dayanması ilə bağlı heç bir göstəriş yoxdur. Əksinə, müvəqqəti inzibatçı 60 gün ərzində bankın vəziyyəti barədə məlumat hazırlayaraq Mərkəzi Banka təqdim etməlidir. Həmçinin lisenziyanın ləğv edilməsinə qədər bankın bütün öhdəlikləri qüvvədə qalır. Yəni bağlanan banklar müvvəqqəti inzibatçınin idarəsi altında fəaliyyətini tam davam etməlidir. Banklar tam bağlanana və başqa banklarla birləşdirilənə qədər müştərilərə dolğun məlumat verilməlidir.
Bütün bunların təmin olunmaması isə müştərilərdə narazılıq əhval-ruhiyyəsi yaradır. AMB məmurlarının qəbul etdikləri qərarların bu cür nəticəsinə isə bütövlükdə hökumət qatlaşmaq məcburiyyətindədir.
Bir sıra dövlət qurumlarında aparılan genişmiqyaslı ixtisarlar da ölkədə işsizlər ordusunun sıralarını genişləndirməklə bərabər hökumətdən narazılıq iedənlərin çoxalmasına gətirib çıxarır. Məsələn, hazırda Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC-də, Saleh Məmmədovun rəhbəri olduğu "Azəryolservis" ASC-də, həmçinin Rövnəq Abdullayevin prezidenti olduğu ARDNŞ-də, Ramiz Həsənovun sədrlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində və s. aparılan ixtisarlar xeyli insanı işsiz qoyub. Nəticədə isə onlar öz etirazlarını daha çox hökumətə yönəldirlər.
Əlbəttə, ölkənin iqtisadi böhranla üzləşdiyi bir vaxtda həmin ixtisarları başa düşmək olar. Amma bir çox ekspertlər haqlı olaraq vurğulayırlar ki, belə genişçaplı ixtisarlara ehtiyacın yaranması həm də bəzi məmurların vaxtilə işçi sayını lüzumsuz yerə şişirtməsinin nəticəsidir. İndi isə onları ixtisara saldıqda bu müəyyən narazılıqlara rəvac verir. Bir sözlə, ayrı-ayrı məmurların vaxtilə yol verdikləri səhvlər indi bütövlükdə hökuməti tənqid hədəfinə çevirir. Odur ki, belə məmurların tənbeh edilməsi vacibdir ki, onlar oxşar səhvləri nə vaxtsa təkrarlamasınlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17