İlhamə ilə Aygünün qaldırdığı

Adları qarşısında "xalq artisti" kimi yüksək titul yazılanların tərbiyyəsizliyinə "dur" deyən olacaqmı?

Azərbaycanın efir məkanındakı çox ciddi problemlər zaman-zaman müxtəlif səviyyələrdə gündəmə gəlib. Efir məkanındakı bayağılıq və zövqsüzlük hətta hakimiyyətin üst qatında təmsil olunan məmurların belə sərt etirazları ilə qarşılanıb. Bu baxımdan təkcə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir neçə il öncə "Azərbaycan" qəzetində dərc etdiyi sərt məqaləni xatırlamaq kifayətdir. R.Mehdiyev məqaləsində haqlı olaraq yazırdı ki, Azərbaycan televiziya və radio kanallarında maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranıb, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.

Bu mövqedən sonra telekanallar ictimai rəydə etirazla qarşılanan bəzi verilişləri bağladı, layihələrin formatında müəyyən dəyişikliklər həyata keçirildi. Amma təəssüf ki, bütün bunlar müvəqqəti xarakter daşıdı və çox qısa zamandan sonra telekanallarımız özlərinin ənənəvi ampulalarına qayıtdı. Bu günlərdə xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında etik çərçivələrin belə qorunmadığı qalmaqalı isə yenidən telekanalların əsas mövzusuna çevrildi. Xüsusilə ATV kanalı bu kimi cılız söhbətlərə güzgü olmaq missiyasına sadiqliyini bir daha təsdiqləmiş oldu. Odur ki, telekanallarla bağlı ciddi nəzarət mexanizmlərinin işlənməsi mövzusu yenidən gündəmə gəlib.
Bu öz yerində, amma mövzunun ağrılı nüanslarından biri də adlarının qarşısında "xalq artisti" kimi yüksək bir titul yazılan iki müğənninin əxlaqa, mentalitetə sığmayan açıqlamalarıdır.

Bəs nə baş verir?

Xatırladaq ki, xalq artisti İlhamə Quliyevanın həbsdəki kecmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın mətbuatda yayılan ittiham dolu məktubu böyük sensasiyaya səbəb olub. Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova mediaya ünvanladığı məktubunda İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldıldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb. Bundan sonra isə İlhamə Quliyevaya qarşı tənqidlərin arası kəsilmədi, qarşı tərəfin qıcıq doğuran cavabları isə mübahisələri tənqid müstəvisindən qarşılıqlı təhqirlər müstəvisinə daşıdı.

"İlhamə Quliyeva
kar armuddur..."

Tanınmış hüquqşünas Aslan İsmayılov Mehriban Hüseynovanın yazdığı məktubla bağlı açıqlama verərək İlhamə Quliyevanın artıq milləti, xalqı bezdirdiyini bildirib:
"İlhamə Quliyeva bir kal armud olub keçib bu millətin boğazına. Özünə hörmət edən heç kəs, o cümlədən, mən də dəfələrlə onun danışdığı, dediyi sözlərə qarşı öz abrımıza qısılıb susmuşuq. Biz susduqca, İlhamə Quliyeva daha da irəli gedib. "Şərəf", "Şöhrət" ordeni almış bu adamın bir müddət öncə Azərbaycan telekanallarında "mən yemirəm, yedizdirirəm" deməsi həmin ordenlərə qarşı da hörmətsizlikdir. Eyni zamanda Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlikdir. Bu günə qədər onun bütün əndazələri aşaraq televiziyalarda özünü banda başçısı kimi aparması hamıya, Azərbaycan xalqına qarşı təhqirdir".

"İlhaməyə cinayət işi qaldırılmalıdır..."

Hüquqşünas daha sonra bu günə kimi onun saysız-hesabsız qanunsuzluqlarının qarşısında susqunluq nümayi etdirilməsinə təəccübləndiyini bildirib: "İlhamə Quliyevanın sonuncu dəfə keçmiş köməkçisi Mehriban Hüseynovla bağlı videogörüntülər yaymağı yüzə-yüz cinayətdir. İlhamə Quliyevanın özünün məhkəmə qurması, köməkçisini təhqir etməsi cinayət əməlidir. Bununla bağlı Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən, cinayət işi qaldırılmaldır. Bu maddə özbaşınalıq maddəsi adlanır. Bu maddənin 2-ci bəndinə görə, o, ən azı 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Mən bu günə qədər kimisə tənqid etdiyimə görə hansısa bir təqibə, nə də ki təzyiqə məruz qalmışam. Amma indi sizə tam səmimi deyirəm ki, bu çıxışdan sonra təhqir də, tənqid də, cəza da gözləyirəm. Ona görə ki, bir gözəgörünməz qüvvə var və o, İlhamə Quliyevanı müdafiə edir. İlhamə özü şəxs olaraq, ağıl sahibi deyil. Amma o şəxs kimdir ki, İlhamə Quliyevanın arxasında durub? İlhamə mədəniyyət sahəsini tamamən məhv edib".
Azərbaycanın xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında "elan olunmamış müharibə" son günlər daha da alovlanıb.

Meydana
Aygün çıxdı:
"Anasını elə döydü ki..."

"İlhamə Quliyeva, bədbəxt sizin bəlli olmayan nəslinizdir! Sənin oğulluğun axırıncı dəfə ananı elə döydü ki, yazıq arvad pilləkənlərdən yıxıldı, ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən!"
Bu sözləri isə xalq artisti Aygün Kazımova həmkarı xalq artisti İlhamə Quliyeva haqda danışarkən deyib. Aygün həmkarını Hacı Məmmədovla əməkdaşlıqda ittiham edib: "Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğundur. "İlhamə Qarabulağlı" adı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxartmısınız. Bəlkə elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".
İlhamə "gül ağzını" açdı: "Aygün sərxoşdur..."

Aygün Kazımovanın bu ittihamları ilə bağlı mediaya danışan xalq artisti İlhamə Quliyeva isə yalan məlumatlar yaydığına görə onu məhkəməyə verəcəyini bildirib: "Ağzına gələni danışdığına görə Aygünü məhkəməyə verəcəm. Kimdir, axı o..? Sərxoşun biridir. Mənim anam rəhmətə gedib, onun haqqında danışmaq günahdır. Aygün yenə öz cındırlığını elədi".
Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın digər ittihamlarına da cavab verib. İ.Quliyeva hazırda həbsdə olan Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla münasibətlərinə aydınlıq gətirib. "Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim xəbərimiz yox idi. Mən anamı "Qarabulaq"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulaq"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim".

İlhamə soyadını dəyişib "Qarabulaqlı" qoyurmuş?

İlhamə Quliyeva soyadını dəyişib "Qarabulaqlı" qoyması məsələsinə də aydınlıq gətirib: "Aygün deyir ki, İlhamə "Qarabulaqlı" soyadını daşıyıb.Yalan deyir. Mən heç vaxt "Quliyeva" soyadını dəyişməmişəm. Cəmi bircə dəfə ailə həyatı quranda Mirmövsümova soyadını götürmüşəm. Hacı sənətimin vurğunu olub. Mənim onunla başqa nə işim olacaq ki? Onun iki həyat yoldaşı var idi, ikisi ilə də dostluq edirdim. Biz hardan bilərdik ki, o belə işlərlə məşğul olur. Ona görə də Aygünün dedikləri vecimə deyil. Sizə bir faktı da deyim ki, Hacı Məmmədova cinayət işi açılanda məndən başqa bütün müğənniləri MTN-ə çağırıb dindirirdilər. Ancaq məni çağırmadılar. Çünki mən "Qqrabulaq"a anamlə gedirdim, tək getmirdim".
Xalq artisti oğlunun narkoman olması haqda deyilənləri də yalanlayıb: "Oğlum Orxanın həbs olunması və narkotikdən istifadə etməsinə gəlincə, oğlum 10 gün bundan qabaq Ukraynaya uçurdu. Biletində bir problem olub. Belə ki, biletini səhvən başqa tarixə yazmışdılar.Ona görə də hava limanından qayıtdı. Həmçinin onu da deyim ki, oğlum narkoman deyil. O elə psixotrop maddələr istifadə etsə, mənim ürəyim partlayar, yataram yuxudan dura bilmərəm.
Aygün deyir ki, İlhamə anasını döyüb. Adam anasını döyər? Aygün heç vaxt bağışlamayacağam. Onu məhkəməyə vermişəm. Aygün Kazımova öz anasının qeydinə qalsın".

Bu biabırçılıqlara
Mədəniyyət
Nəzirliyi niyə susur?

Baş verənlərin mədəniyyət adına təəssüfləndirici olay olduğunu xatırlatmağa ehtiyac belə yoxdur. Amma nədənsə qalmaqalla bağlı Mədəniyyət və Turizm Nazirliyinin gərəkən reaksiyasını görmədik. Axı səhnədən cəmiyyətə çatdırılan informasiya - istər musiqi, istər dram əsəri, istər rəsm əsəri olsun, fərqi yoxdur, səhnə, sənət vasitəsilə verilən mesaj dəyərə çevrilir. Cəmiyyətdə populyarlıq qazanan, öndə gedən insanlarından söhbət gedirsə, bu insanlar davranışlarına, hərəkətlərinə, dillərindən çıxan sözlərə diqqət etməlidirlər. Amma həmin şəxslər bu dəyərləri tapdalayırsa, Azərbaycanda mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi bu kimi hallara qarşı dözümlülük göstərməməlidir.
Orxan Həsənli
P.S.
Qeyd edək ki, Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.