Məmurlarımız milyonlarla manatı Azərbaycandan qaçaq salır
11:14 05-02-2016
İQTİSADİYYAT
Azərbaycanlıların İstanbulun 4 milyona villa satılan ərazilərinə axın etməsinin əsl sirri
Türkiyənin ən böyük şəhəri olan İstanbulun 3-cü hava limanının tikilməsi nəzərdə tutulan əraziyə azərbaycanlıların marağı böyüyür. Qardaş ölkə mətbuatının verdiyi məlumata görə, hava limanı layihəsi şəhərin mərkəzinə yaxın, ancaq səs-küydən uzaq olan Göktürk və Kemerburgaz rayonları ərazisində əmlak qiymətlərini 25 faizə kimi bahalaşdırıb.
Dünyanın ən çox məsləhətçisinə sahib olan daşınmaz əmlak şirkəti "Keller Williams" İstanbulun Avropa hissəsinin son illər xüsusilə ailəli və uşaqlı şəxslər tərəfindən böyük maraq gördüyünü açıqlayıb. Bura həm yerli, həm də xarici sərmayəçilərin marağı artıb. Nəticədə daşınmaz əmlak qiymətləri kvadrat metrə görə 4 min dollara kimi qalxıb.
"Keller Williams"ın məsləhətçisi Ceylan Aksunun sözlərinə görə, Belqrad meşəsinə yaxın olan bu ərazidə yaşayanlar artıq ərzidən uzaqlaşmadan bütün ehtiyaclarını ödəyə bilirlər: "Son 5 ildə azərbaycanlı sərmayəçilər Göktürk və Kemerburgaz yaxınlığındakı ərazilərə böyük maraq göstərirlər. Əraziyə kupçaların verilməyə başlaması bu prosesi daha da sürətləndirib. Adıçəkilən ərazilər boş sahə ilə boldur. Azərbaycanlılar bu sahədə ərazi almağa davam edirlər".
Məsləhətçi qiymətlərin 25 faiz bahalaşmasında inşası davam edən 3-cü hava limanının da böyük rol oynadığını deyib. Belə ki, 10-15 il əvvəl 350 min dollar olan villalar hazırda 4 milyon dollardan ucuz deyil. Bu rəqəmlər İstanbulun ən dəyərli, lüks səmtləri kimi göstərilən Etiler və Leventlə, demək olar ki, eynidir.
Qeyd edək ki, adıçəkilən hava limanının 2017-ci ildə ilk uçuşuna başlaması planlaşdırılır. Hava limanı Qara dəniz sahilində, Tayakad və Akpınar kəndləri arasındakı 76,5 kvadrat kilometr sahəyə inşa edilir. Aeroportun ildə 200 milyon sərnişinə xidmət edəcək 6 uşuş-eniş zolağı olacaq.
Burada xüsusi maraq doğuran məqam kifayət qədər yüksək məbləğlərlə ifadə olunan ərazilərə maraq göstərən azərbaycanlıların kimliyidir. Məsələ burasındadır ki, hazırda neft gəlirlərinin kəskin azalması səbəbi ilə ölkədə iqtisadi böhran şəraiti ilə üzləşən Azərbaycanda hökumət qeyri-neft sektorunu inkişaf etdirməyin yollarını axtarır. Bu sırada xüsusilə yerli iş adamlarının fəallığına ehtiyac var.
Amma belə görünür ki, bizim imkanlı şəxslər öz yatırımlarını ölkədən kənara etibar edirlər. Bunun həlledici səbəblərindən biri isə bəzi məmurların yaratdığı qeyri-sağlam biznesi mühiti ola bilər.
Son vaxtlar ölkə rəhbərliyi Azərbaycanda sahibkarlıq və biznes fəaliyyətlərinə süni əngəllərin aradan qaldırılması yönündə müəyyən addımlar atır. Bu isə yerli imkanlı şəxslərin əlverişli biznes şəraiti üçün ölkədən kənara meyllənməsini xeyli dərəcədə zəiflədəcək.
Xüsusən Azərbaycanda sahibkarlıq və biznes fəaliyyətləri üzərində məmurların uzun müddətdən bəri hökm sürən nəzarəti, inhisarçılıq, rüşvət və korrupsiya kimi amillər tamamilə sıradan çıxarılarsa, bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və ölkənin neftdən asılılığının ləğv kimi prioritet məsələlərin həllində ciddi rol oynayacaq. Bizim imkanlı şəxslər öz biznes planlarını daha çox ölkə daxilinə hesablayacaq, bu isə həm yeni iş yerlərinin açılması, həm də qeyri-neft sektorundan büdcə ödəmələrinin artması anlamına gələcək.
Hələliksə görünən odur ki, imkanlı şəxslərimizin xeyli qismi öz bizneslərinin gələcəyini daha çox ölkədən kənarda təsəvvür edirlər. Elə İstanbulun 3-cü hava limanı tikilməsi nəzərdə tutulan əraziyə azərbaycanlıların marağının böyüməsi də bu dediklərimizin təsdiqidir. Belə bir zərərli tendensiyanın aradan qaldırılması üçün hökumətin üzərinə ciddi vəzifələr düşür. Xüsusilə də ona nail olunmalıdır ki, artıq dövlət maraqları məmur maraqlarına qurban verilməsin.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31