Azərbaycan məmurlarının gecikmiş qənaətcilliyi
10:10 09-02-2016
İQTİSADİYYAT
Büdcə vəsaitlərinə qarşı ehtiyatlı davranmaq üçün mütləq neft ucuzlaşmalı idi?
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və dolların bahalaşmasından sonra Azərbaycan hökuməti müxtəlif xərclərə qənaət etməyə başlayıb. Bunlardan biri də paytaxtda elektrik enerjisinə qənaət edilməsi ilə bağlıdır.
Qənaət planı şəhərin mərkəzi küçələrində də hiss edilir. Belə ki, paytaxtın Səbail, Yasamal, Abşeron və s. kimi rayonlarında əvvəllər gecə saatlarına qədər söndürülməyən işıqlar indi daha tez söndürülür.
Məsələn, sakinlərin daha çox üz tutduqları "Tarqovı" kimi tanınan Nizami küçəsində əvvəllər işıqlar gecəyə kimi yanırdısa, indi qənaət etmək üçün saat 22:00-da söndürülür. Yasamal rayonunda, Akademik Milli Dram Teatrı ətrafındakı küçələrdə isə işıqlar əvvəllər gecə saat 03:00-da söndürülürdüsə, indi bunu 00:00-da edirlər.
Bakı Şəhər İşıq İdarəsinin (BŞİİ) Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov da faktı təsdiqlədi və bunun qənaət məqsədilə edildiyini deyib: "Nəinki, Səbail rayonunda, ümumiyyətlə, paytaxtın bütün ərazilərində qənaət məqsədi ilə axşam saat 22:00-dan sonra işıqlar söndürülür".
Bəzi yerlərdə işıqlar qənaət məqsədilə müəyyən saatlarda söndürülsə də, elə küçələr də var ki, orada ümumiyyətlə işıq dirəkləri yoxdur.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev deyib ki, binaların bəzək məqsədi ilə işıqlandırılması o qədər də vacib deyil: "Binaları xüsusi bayramlarda, turistləri cəlb etmək üçün işıqlandırmaq lazımdır. Amma yollardakı, küçələrdəki lampalara qənaət etmək düzgün deyil. Bu, həmin ərazidən keçən piyadanın və eləcə də maşın idarə edən sürücünün həyatı üçün çox təhlükəlidir. Ona görə çox istifadə edilən yollarda işıqların söndürülməsi düzgün deyil. Amma ehtiyac olmayan yerlərdə qənaət edilməsi məqsədəuyğundur".
Əslində, qənaət məqsədi ilə işıqların söndürülməsi dünya təcrübəsində də var. Məsələn, Avropada enerji xərclərinin 40%-i küçələrin işıqlandırılmasına sərf olunur. İşığa qənaət etmək, israfçılığın qarşısını almaq üçün avropalı mütəxəssislər yüksək texnologiyaların imkanlarından istifadə edərək ağıllı "Tvilight" sistemini hazırlayıblar.
Bu sistem yalnız küçələri işıqlandırmağa imkan verir. Simsiz texnologiyalardan və sensordan istifadə edən sistem piyada və avtomobillər yollarda olduğu halda işığı yandırır, əks təqdirdə, sensor işə düşmür.
Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayış binaları da işıqlandırılır. Əslində, küçələrdə qənaət məqsədi ilə söndürülən işıq lampalarını yandırmaq, əvəzində isə axşamdan səhərədək binaların işıqlandırılmasına sərf olunan enerjiyə qənaət etmək daha məqsədəuyğun olar. Çünki paytaxtın gecələr qaranlığa qərq olması, çox vaxt qəzalara, cinayətə yol açır.
Buna görə Azərbaycanda küçə işıqlarında enerji qənaətinə 10 dəfə daha artıq imkan verən LED lampalardan, günəş batareyalarından geniş istifadə edilməlidir. LED tipli lampalara keçid enerjiyə 80 faiz qənaət etməyə imkan yaradır ki, bu da 5,6 milyard kilovatt saat enerji deməkdir. Adını ingiliscə "Light Emitting Diode", yəni işıq saçan diod sözlərindən götürmüş LED lampalar işıq diodu effekti əsasında işləyir.
Beləliklə, artıq şəhərin mərkəzində görməyə alışdığımız rəngarəng işıqların sayı daha da azalacaq. Amma bu qənaət rejimi nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdə nisbətən az həyata keçirilməlidir. Bunun əvəzində isə işıqlandırılan binaların sayı azaldılsa daha yaxşı olar.
Ümumiyyətlə isə hazırda bir sıra qurumlarda məmurların büdcə vəsaitlərinə qənaətlə yanaşması müşahidə edilir, şişirdilmiş xərclər azaldılır. Bu şübhəsiz yaxşı haldır. Amma istər-istəməz belə bir sual da yaranır: məmurların neft pulları ilə diqqətli və ehtiyatlı davranması üçün gərək mütləq "qara qızıl"ın dünya bazarlarındakı qiyməti ucuzlaşa, Azərbaycanın gəlirləri kəskin azalaydı? Olmazdımı ki, müəyyən vəzifəli şəxslər əvvəlcədən şişirdilmiş xərclərdən imtina edəydilər, büdcə vəsaitlərinin şəffaf və təyinatı üzrə xərclənməsinə çalışaydılar?
Əgər bu cür olsaydı, neft gəlirlərimiz azalsa belə, yəqin ki, biz bunun acı nəticələrini indiki qədər kəskin hiss etməzdik.
Düzdür, belə bir atalar sözü var: "Arxadan atılan daş topuğa dəyər". Və ya "Sonrakı peşimançılıq fayda verməz". Buna baxmayaraq, gec də olsa, məmurlarımızın qənaətcilliyə öyrəşməyə başlaması yaxşı haldır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31