Əbülfəs Qarayevin nazirliyi hara baxır?
09:30 10-02-2016
İQTİSADİYYAT
Qurum Hacı Zeynalabdin Tağıyevin yaşadığı tarixi evi "yaddan çıxarıb"
Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir. Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir.
Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir.
Bağın həyətində gözətçi işləyən Rövşən dayı deyib ki, buralar bütünlükdə Hacının şəxsi mülkü olub: "Əvvəl sanatoriya idi. 17 ildir Laçın rayonundan olan məcburi köçkünlər yaşayır. Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Burada yaşamaq sağlamlıq baxımından da təhlükəlidir. Neyləyək, məcburiyyətdən yaşayırıq".
Rövşən dayı söyləyib ki, heç kəs bu evlə maraqlanmır: "2 ildən çox olar, dedilər, "sizi köçürəcəyik". Sonra səs-soraq çıxmadı. İndi də "krizisdir". Çətin ki, bizi köçürələr. Elə hərdən jurnalistlər binanın şəklini çəkirlər. Bir dəfə də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Dedilər ki, bina onların balansına keçib və muzey olacaq".
Ancaq rəsmi qurumlar "balans" məsələsi ilə bağlı fərqli mövqe bildirirlər. Çox təəccüblüdür ki, Mədəniyyət və Turizm Nazirliyindən binanın qurumun balansında olmadığını söyləyiblər.
Bununla belə Azərbaycan Milli Elmlər Akademiyasından həmin binanın mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu bəyan edilib: "Hazırda oranın bərpaya ehtiyacı var. Pis vəziyyətdədir. Yəqin ki, Nazirlik təmir-bərpa işlərini aparacaq".
Məcburi köçkünlərin nə vaxt köçürüləcəyi ilə bağlı isə "Qaçkınkom"dan münasibət öyrənmək mümkün olmayıb.
Onu da deyək ki, məşhur xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyev ömrünün son illərini bu evdə keçirib. 2-ci Dünya Müharibəsi illərində bu evdə təxliyə hospitalı yerləşib.
Sonda ümid edək ki, Əbülfəs Qarayevin rəhbərlik etdiyi və binanın onun balansında olduğunu hələ ki, inkar etməyə çalışan Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı hərəkətə keçəcək və lazım olan addımları atacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 12:56:00
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02