Azərbaycan məmurlarının kirli pulları Dünya Bankının diqqətində!
10:57 11-02-2016
İQTİSADİYYAT
Nüfuzlu maliyyə qurumu hökumətə nə təklif etdi?
"Dünya bazarında neftin qiymətinin qısa zamanda əvvəlki vəziyyətə qalacağını düşünürəm. Hesab edirəm ki, Azərbaycanda iqtisadiyyatın dayanıqlığını daha da gücləndirmək lazımdır". Bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib.
L.Leşçenkonun sözlərinə görə, Azərbaycanda islahatlar davam etməlidir: "Vergilər Nazirliyinin sadələşdirilmiş vergi üçün limiti 120 mindən 200 minə qaldırması müsbət addımdır. Lakin kölgə iqtisadiyyatının payını da nəzərə almaq lazımdır. Məsələn, bəzi rəqəmlərə görə, bu, 32%, digər rəqəmlərə görə isə 50% göstərilir. Təbii ki, sahibkarlar üzərlərinə düşən vergi yükünü azaltmaq üçün müxtəlif üsullara əl atırlar.
Qeyd edək ki, müstəqil ekspertlər uzun illərdir Azərbaycanda "kölgə iqtisadiyyatı"nın payının kifayət qədər yüksək olduğunu və bunun narahatlıq doğurduğunu bildirirlər. Hətta iqtidaryönlü deputatlar və iqtisadçılar da ölkəmizdə "kölgə iqtisadiyyatı"nın varlığını dilə gətirir və bunun yaratdığı problemlərə diqqət çəkirlər.
Aydınlıq üçün deyək ki, kölgə iqtisadiyyatı həm də qeyri rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. O iqtisadiyyatda müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir, amma onu bütünlüklə zəbt edə bilmir. Çünki iqtisadiyyatın elə sahələri vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil, məsələn ev təsərrüfatları və ya icma təsərrüfatları.
Kölgə iqtisadiyyatı həmçinin özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlanmır.
Kölgə iqtisadiyyatı - inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur (vergidən yayınır). Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.
Azərbaycanda bir sıra məmurların külli miqdarda sərvət əldə etməsi, "kirli pullar" kimi xarakterizə olunan geniş maliyyə imkanları qazanması məhz "kölgə iqtisadiyyatı"nın məntiqi nəticəsidir.
2015-ci ilin payızında Azərbaycanın ÜDM-də "kölgə iqtisadiyyatı"nın payının 9 faizdən çox olduğu bəyan edilib. Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimovun "Statistika xəbərləri" elmi-praktik jurnalında dərc edilən məqaləsində belə deyilirdi. Müstəqil iqtisadçılar bunu "gülməli" adlandırıblar, onlar ölkədə korrupsiya, rüşvətxorluq, monopoliya, haqsız rəqabətin miqyasının son illərdə daha da çoxaldığını nəzərə alaraq, gizli iqtisadiyyatın çəkisinin 60 faiz ətrafında olduğunu düşünürlər. Elə xarici iqtisadi quruluşlar da hesab edirlər ki, rəsmi statistika inandırıcı təsir bağışlamır, Azərbaycanda "gizli iqtisadiyyat" 50-60 faizi təşkil edir. Maraqlısı odur ki, bir sıra hökumətiyönümlü iqtisadçılar da rəsmi statistikanı şübhə altına alırlar, onlar ən azı 30 faizlik "kölgə iqtisadiyyatı"ndan danışırlar.
Hələ ötən ilin mayında deputat Əli Məsimli KİV-ə açıqlamasında qeyd edirdi ki, "kölgə iqtisadiyyatı"nın Azərbaycanda payının 33 faiz civarında ola biləcəyini dilə gətirmiş, demişdi ki, hətta "kölgə iqtisadiyyatı"nın bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir. Müstəqil iqtisadçılar isə ölkədə "kölgə iqtisadiyyatı"nın çəkisinin kəskin azaldılacağı təqdirdə bunun büdcəyə il ərzində ən azı 3-4 milyarda yaxın vəsaitin daxil olmasına imkan verəcəyini deyirlər.
Göründüyü kimi, hər il Azərbaycanda büdcədən və xalqdan gizlədilən pulların məbləği kifayət qədər yüksəkdir. Məsələnin Dünya Bankının diqqətini çəkməsi də ölkəmizdə "kölgə iqtisadiyyatı"nın ciddi problemə çevrildiyini və hökumətin bu istiqamətdə təcili, eyni zamanda təsirli addımlar atmalı olduğunu göstərir.
Yalnız bu halda Azərbaycanda məmurların gündən-günə varlandığı halda büdcəyə daxilolmalarla bağlı problemlərin yaranmasının qarşısını almaq mümkündür. Xüsusilə indiki ağır iqtisadi böhran şəraitində sadəcə, bəzi vəzifəli şəxslərin, onların birbaşa və ya dolayısı ilə himayələrində, yaxud nəzarətlərində olan iş adamlarının, holdinqlərin "qaz vurub, qazan doldurmasına" xidmət edən bu zərərli tendensiyanın qarşısını almaq mümkündür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53