Bu gün Bakıda dağ yəhudiləri sinaqoqunda "Tövrat"ın ABŞ-dan gətirilmiş qədim nüsxəsinin təqdimetmə mərasimi keçirilib.
Unikal.org-un məlumatına görə, əvvəlcə yəhudilərin adət-ənənələrə uyğun olaraq kitab tədbir iştirakçılarına nümayiş etdirilib.
Daha sonra Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, ravvinlər bu əlamətdar gün münasibətilə tədbir iştirakçıları təbrik edib, Azərbaycan dövlətinə bu günü qeyd etməyə imkan verdiyinə görə təşəkkürlərini bildiriblər.
Tədbirdə Azərbaycanın Dini Qurumları ilə İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Onun sözlərinə görə, Azərbaycan elə bil ölkədir ki, burada bütün dini konfessiyalara hörmətlə yanaşılır. Komitə sədri deyib ki, bu, Azərbaycan xalqının tolerantlığının təzahürüdür. Sədr deyib ki, yəhudilər Azərbaycanın ən qədim sakinlərindəndir.
Daha sonra çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav "Tövrat"ın yəhudilər üçün əhəmiyyətindən danışıb.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev də deyib ki, multikulturalizm xalqın yüksək mədəniyyətinin təzahürüdür: "Azərbaycan elə bir məmləkətdir ki, orada bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar".
Tədbirdə bir sıra xarici ölkələrin səfirləri, katolik və pravoslav kilsələrin Azərbaycandakı nümayəndələri, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclis deputatları və başqaları iştirak ediblər.
Sinaqoqa təqdim olunan bu "Tövrat" ABŞ-dan Mövsümovlar ailəsi tərəfindən gətirilib. Bu, dağ yəhudiləri sinaqoquna təqdim olunan sayca dördüncü "Tövrat"dır.