Bir neçə gün əvvəl qida zəhərlənməsi diaqnozu qoyularaq hamiləliyin 36-cı həftəsində vəfat edən Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu Dilarə Babayevanın ölümündə həkimlər günahlandırılır.

Unikal.org bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova qadın pilotun ölüm səbəbi haqda azvision.az-a açıqlamasında bildirib ki, hələlik bu işdə həkimlərinin günahının olub-olmaması haqda danışmaq tezdir.

"Xəstənin xəstəlik tarixçəsi Doğuşayardım Komissiyasına verilməyib. Buna görə hər hansı fikir və mülahizə irəli sürmək düzgün olmaz. Materiallar bizə verildikdən və araşdırıldıqdan sonra açıqlama veriləcək".

Direktor D.Babayevanın dövlət xəstəxanasında qeydiyyatda olmaması haqda deyilənlərə də münasibət bildirib: "Biz hamilə qadının ölümü haqqında ilkin məlumat verəndə onun əlində "dəyişmə vərəqi" yox idi. Bu sənəd dövlət xəstənalarında qeydiyyatda olanda hamilə qadınlara verilir. Biz vərəqi əlində görməyəndə xəstədən soruşduq və bildirdi ki, Hərbi Hospitalda qeydiyyatdadır və həkimim adı Pərvinədir. Ona görə mən həmin gün zəng edən jurnalistlərə açıqlama verdim ki, o, dövlət xəstəxanasında qeydiyyatda olmayıb".

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin ilk pilot qadını Dilarə Babayeva hamiləliyin 36-cı həftəsində dünyasını dəyişib. O qida zəhərlənməsi ilə 1 saylı şəhər klinik xəstənasına gətirilib. Onun qarpızdan zəhərlənərək öldüyü iddia edilib. Ölümün dəqiq səbəbləri analizlərin cavabları əsasında iki həftədən sonra müəyyənləşəcək. Bildirilib ki, qadının meyidinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.

Hamilə qadının yaxınları onun ölümündə həkimləri günahlandırırlar.