Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Unikal.org trend-ə istinadən məlumatına görə, Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, Büro iclasında AŞ PA-nın oktyabrda keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq.
Deputatımız tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

Səfər sentyabrın 10-da başa çatacaq.

Bundan başqa, Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov AŞ PA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 5-də Fransanın Paris şəhərinə yola düşəcəklər.

Toplantıda Beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlıq, Avropanın çoxmillətli ölkələrində demokratik idarəçilik, beynəlxalq razılaşmalara əsasən vətəndaşların sərmayələrlə bağlı hüquqlarının qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək.

Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər sentyabrın 7-də başa çatacaq.