Elman Rüstəmovdan növbəti ziddiyyətli addım
10:14 16-02-2016
İQTİSADİYYAT
Mərkəzi Bankın yeni qərarı "tənqid atəşi"nə tutuldu
Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti mübahisəli qərara imza atıb. Ölkənin baş bankı uçot dərəcəsini 5%-dək qaldırıb.
Öncə gəlin bu qərarın hansı zərurətdən qəbul edildiyi barədə rəsmi izahatla tanış olaq. AMB-dən verilən məlumatda iddia olunur ki, Mərkəzi Bank tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər. Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşayiət olunmaqdadır.
Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir.
Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.
Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.
Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcəkdir.
Bəs görəsən, AMB-nin dünənki qərarı və bununla bağlı baş bankın rəsmi izahatı nə qədər əsaslıdır?
Unutmayaq ki, hazırkı böhran şəraitində ölkədə istehsal şəraitini inkişaf etdirmək, qeyri neft sektorunu gücləndirmək əsas hədəf olmalıdır. Bu sahədə iqtisadi artımı gücləndirməyə ciddi ehtiyac var.
Belə bir şəraitdə Elman Rüstəmovun rəhbərlik etdiyi ölkənin baş bankının dünənki qərarına ekspertlərin münasibəti birmənalı deyil. Onlar hesab edirlər ki, qərar ziddiyyətli olmaqla bərabər, özü ilə xeyli fəsadlar gətirəcək.
"Mərkəzi Bankın uçot dərəcəsini 3%-dən 5%-dək qaldırması ölkədə iqtisadi inflyasiyanın qarşısını almağa yönəlib." Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev deyib. Onun sözlərinə görə, son vaxtlar ölkənin əsas bankı buna xüsusi diqqət yetirir. Faiz dərəcəsinin artırılmasının müsbət tərəfi ondan ibarətdir ki, bu, əhalinin iqtisadi fəallığının azaldılması hesabına inflyasiyanın qarşısını almaq məqsədi daşıyır".
Amma iqtisadçının sözlərinə görə, bu qərarın bir sıra mənfi təsirləri də olacaq: "Mərkəzi Bankın bu addımı məhdudlaşdırıcı xarakter daşıyır. Onu deyə bilərəm ki, bu, çox ziddiyyətli qərardır. Bunun ciddi şəkildə müzakirəsinə ehtiyac var. Çünki hazırkı vəziyyətdə sahibkarların işini asanlaşdırmaq, onların yeni iş yerləri açmasına şərait yaratmaq lazımdır. Buna görə də kreditlərin ucuz faizlərlə verilməsi lazımdır. Belə olan halda kreditləri əlçatan etmək lazımdır."
İqtisadçı hesab edir ki, uçot dərəcəsinin artırılması bankların kredit faizlərini qaldırmasına şərait yaradacaq. Bu isə öz növbəsində kredit şərtlərinin məhdudlaşmasına səbəb olacaq. Ancaq hazırkı şəraitdə qiymətlərin aşağı salınması daha məqsədəuyğun olardı.
"Report"un analitik qrupu da hesab edir ki, AMB-nin milli valyutaya etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək məqsədilə etdiyi dəyişiklikləri dünya iqtisadiyyatında gedən proseslərə zidd olduğunu düşünür: "Dünyanın bir çox ölkəsi, o cümlədən Avrozona dövlətləri, Yaponiya, İsveç, İsveçrə və s. mənfi uçot dərəcələri tətbiq edərək iqtisadiyyatı canlandırmağa çalışır. Azərbaycan iqtisadiyyatının yavaşladığı bir dövrdə uçot dərəcəsinin artırılmasının iqtisadiyyata mənfi təsir edəcəyi şübhəsizdir. Bu qərar əsasən bank sisteminə müvəqqəti maliyyə dəstəyi vermək məqsədi daşıyır".
Analitiklər hesab edirlər ki, bu qərardan sonra, banklara müəyyən qədər əhali tərəfindən likvidliyin təmin edilməsi məqsədi ilə depozitlərin limitsiz və yuxarı faiz həddi olmadan sığortalanmasının tətbiqi gözlənilir. İlkin olaraq bu qərarın banklarda depozitlər üzrə faiz dərəcələrini artıracağı gözlənilir: "Çünki banklar yüksək faizlə cəlb etdiyi sərbəst vəsaitləri daha yüksək faizlə iqtisadiyyata kredit qoyuluşlarına yönəltməyə məcbur olacaq. Lakin iqtisadi aktivliyin yavaşladığı bir dövrdə iş adamları və əhalinin yüksək faizlə kredit cəlb edəciyi inandırıcı görünmür və qeyri-real hesab olunur".
"Son günlər müşahidə olunan manatın möhkəmlənməsi prosesinin də müvəqqəti olduğu məlumdur. Məsələn, fevralın 11-də Rusiya Bankının rəhbəri tərəfindən rublun zəifləyəcəyi təqdirdə valyuta bazarına müdaxilə edilməyəcəyi barədə açıqlamasının ardından Azərbaycan valyuta bazarında dolların məzənnəsi 1,560 AZN/USD səviyyəsindən 1,585 AZN/USD səviyyəsinə yüksəlsə də, sonradan neft qiymətlərinin kəskin artması nəticəsində 1,570 AZN/USD-yə enib. Məhz həmin gün mütəşəkkil valyuta bazarında manatın məzənnəsi iki həftə möhkəmləndikdən sonra 0,55% ucuzlaşıb. Bu durum manatın hələ də neftin qiymətinə və qonşu ölkələrin, xüsusilə də rublun məzənnəsinə qarşı çox həssas olduğunu göstərir. Qısamüddətli perspektivdə manatın məzənnəsinin xarici amillər və neftin qiymətindən birbaşa asılılığının davam edəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər.
Göründüyü kimi, Elman Rüstəmovun yeni qərarı da kifayət qədər mübahisəlidir və tənqidlərə açıqdır. Ölkənin baş bankının və baş bankirinin böhran vəziyyətində belə addımlarını davam etdirməsinə məntiqi izah vermək isə çox çətindir. Belə görünür, Rüstəmov və AMB yaranmış çətin situasiyada daha effektiv addımlar atmaqda xeyli acizdir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14