Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində bu gün Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətinə tamamilə son qoyulub. 

Unika.org-un APA-ya  istinadən verdiyi məlumata görə, Türkiyənin ordusunun dəstəyi ilə bu gün müxalif Azad Suriya Ordusu Türkiyə-Suriya sərhədində, Cerablus-Çobanbəy xəttində son yaşayış məntəqələrini də azad edib.

 
Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.
 
Qeyd edək ki, Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatını avqustun 24-də başlayıb, Cerablus bölgəsinə Türkiyə ordusunun tank birlikləri daxil olub. Həmin gün Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhəri İŞİD terror təşkilatından azad edilib. Dünən isə Çobanbəy qəsəbəsi istiqamətində Türkiyə ordusunun tankları Suriyaya daxil olub, "Fərat qalxanı" əməliyyatının ikinci mərhələsi başlayıb. Məqsəd Cerablus və Çobanbəy istiqamətində İŞİD-i sıxışdıraraq Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətindəki son yaşayış məntəqələrini azad etmək olub.