Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bu günmərhum sənətkarımız, Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artistiSəyavuş Aslanın doğum günüdür.
Səyavuş Aslan bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardan olub. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Səyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Səyavuş Aslan zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açmışdır. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Səyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Səyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Səyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Səyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olub.
O, "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran" , "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Xalq artisti ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.