Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərovun vəfatından 1 il ötür.

Sənətkarın dostlarının onunla bağlı fikirlərini öyrənib:

Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov:


"İlham xoşbəxt şəxsiyyət idi. Allah ondan heç nəyi əsirgəməmişdi. İstedadla yanaşı ona boy-buxun, iradə vermişdi. Gözəl əxlaq sahibi idi İlham. Səhnəyə yaraşıq verən, abırlı adam idi. Dövlət tədbirlərində həmişə öndə olardı. Teatrda gözəl obrazları vardı. Adına görə cəmiyyətdə yer tutmuşdu. Bütün toy məclislərində başda olardı. Pis niyyətli yerlərdən həmişə uzaq olardı. O, teatra gərəkli biri idi. Çox heyif ki, ömrü yarımçıq qaldı.

Xalq artisti Nurəddin Mehdixanlı:


"Biz İlhamla bir-birimizi tələbəlik illərindən tanıyırıq. O, səmimiyyəti və saflığı ilə bizim hamımızdan fərqlənirdi. İlham hamının Valehi idi. O, gəncliyində "Sarıköynək və Valehdə "Valeh, 50 yaşında isə Qarabağ xanı "İbrahim xan obrazını yaratdı. Biz teatr aləmində yanaşı addımlamışıq. Çətinliyə, aşağı məvacib almağına rəğmən heç vaxt İlhamda sənət eşqi sönmədi. O, heç vaxt şikayətlənmədi. Hamımız hardasa yalan demiş ola bilərdik, amma İlham Əsgərovun nə vaxtsa yalan danışdığını nə eşitdim, nə də gördüm. İlham yalan danışmağı bacarmırdı. Səməndər Rzayev kimi bir aktyorun davamçısı idi. Aktyor var ki, böyük rollar oynayır, amma yadda qalmır. İlham səsi, istedadı, əxlaqı ilə yadda qaldı. Allah onu sevərək yaratmışdı. İlhamda kin-küdurət yox idi, hamı onu çox istəyirdi. Onda kiməsə pislik edəcək bir əxlaq yox idi. İnsanlar var ki, tək özü, rahatlığı üçün yaşayır, İlhamsa bütün Azərbaycan mədəniyyəti, ailəsi, nəsli üçün yaşayırdı. İlham teatr sənətinə edilən hörmətsizliyi, təcavüzü qəbul eləmirdi. Ən başlıcası sənətdə əxlaqsızlığı yaxına buraxmırdı. İlham simasız adamları sevmirdi. Ona görə də o, həyatı, canı ilə bağlandığı məsələlərdə həmişə öndəydi. Azərbaycan teatr sənətinə canını fəda edən, qətlə yetirilən aktyorlarımız olub. Amma İlham Akademik Milli Dram Teatrının əsl mənada şəhid aktyorudur. O, "Azdramanı pis insanlardan xilas etmək üçün canını qoydu, şəhid oldu. Amma həyatı naminə teatrı və kollektivi xilas elədi. Bu gün teatr ona aid olan yaradıcılıq xəttinə qayıdıbsa, bunu İlham Əsgərova və onun şəhidliyinə borcluyuq. İlham Əsgərov teatr tarixində öz şəhidliyi ilə dərin iz qoydu. Bizlər və bundan sonra gələnlər onu heç vaxt unutmayacağıq. Biz hamımız İlham Əsgərova borcluyuq. Yaşadığımız müddətdə çalışaçağıq ki, ona olan borcumuzu qaytaraq.

Əməkdar artist Füzuli Hüseynov:



"Yaşar Nurinin bir gözəl bir sözü var. Deyirdi ki, "həyat da kino kimidir, ən yaxşı yerində qurtarır. Heç ölməli adam deyildi, o qədər öləməli adamlar vardı ki. Onlar hələ də yaşayır. Amma ölməyəcək olan İlham aramızdan vaxtsız getdi. Heyif ondan. Getdik onu dəfn elədik. İstəyi yerinə yetirildi, teatr köhnə əzablardan azad oldu. Ümid edirik yaxşı işləyib, onun da ruhunu şad edəcəyik. Hamımızın yolu sonda oradır. İlhamı əsəb öldürdü. O vaxt teatrda baş verənlər və orada yaranan mühit ona pis təsir etdi. Bir yandan da xəstəlik... Ruhu şad olsun.

Əməkdar artist Sənubər İsgəndərli:



"İlham haqqında keçmiş zamanda danışmaq çətindir. Nə deyim, heç özüm də bilmirəm, çaş-baş qalmışam. İlhamın hələ oynayacağı rolları, arzuları çox idi. İlhamın adı gələndə mən heç nə danışa bilmirəm. İlhamdı, Telmandı, bunları o qədər qəfil gələn ölüm apardı ki...

Xalq artisti Ramiz Məlik:



"Gözəl aktyor İlham Əsgərovun ölümündən bir il ötür. Bu, bizim üçün çox ağır bir itkidir. İlham çox sədaqətli bir dost idi. Onu sevməyən bir şəxs tapılmazdı. Çünki o, böyük bir ziyalı idi. İstər böyük aktyor olsun, istərsə də böyük qiraətçi olsun, fərq etməz, əsas odur ki, şəxsiyyət idi. Bundan əlavə, İlham gözəl ailə başçısı idi. Çox təəssüf ki, biz onu tez itirdik. İlhamın bir üstünlüyü vardı, o, heç vaxt ədalətsizliyə göz yummazdı. İlham şəkər xəstəsiydi. Amma buna baxmayaraq, harada ədalətsiz hərəkət görürdüsə, ona münasibət bildirib cavabını verirdi. İlhamı hamı çox sevirdi. İstər yaşda ondan böyük, istərsə də kiçik olanlara eyni münasibət bəsləyirdi. Biz çox gözəl aktyorlarımızı itirdik. Əksəriyyəti də cavan getdi. Səməndər Rzayev, Vəfa Fətullayev, Hamlet Xanızadə, Mikayıl Mirzə, Hamlet Qurbanov, Kamal Xudaverdiyev, Telman Adgözəlovu itirdik. Bunlar hamılıqla mənim səhnədə tərəf müqabilim idi. Aktyor tərəf müqabilini itirəndə onun sənətindən bir sənət kərpici düşür. Bunlar illərlə yığılmış kərpiclər idi. Tərəf müqabili həm də aktyorun nəfəs borusu idi. Aktyor tək başına səhnədə oynaya bilməz. Elə bil dünən ölmüşdü, amma baxırsan bir il ötüb. Biz onu elə bir vəziyyətdə dəfn elədik ki-¦ İlham həmişə bizim qəlbimizdədir.

Əməkdar artist Əli Nur:



"İlham Əsgərov Azərbaycanın son illərdə yetişdirdiyi ən dəyərli sənət xadimlərindən biridir. Teatr sənətində antik dövrdən qalmış formul var. O formula əməl olunmur. Söhbət talantlı aktyorlardan gedir. Teatr aktyorunun qeyri-adi görünüşü və son cərgədə oturan tamaşaçını belə sehrləyən səsi olmalıdır. İlham da məhz belələrindəndi. Bu hər aktyora nəsib olmayıb. İlham dövlət tərəfindən sevilən bir sənətkar və bütün rəsmi tədbirlərin aparıcısı idi. Teatrda olan proseslər İlham Əsgərova pis təsir edirdi. O, qızdan-gəlindən də abırlı bir şəxsiyyət idi.

Teatrın başında oturan İsrafil İsrafilov deyirdi ki, "İlham Əsgərov nə aktyordur ki? Onun yeri teatr deyil, toyxanadır. Nə qədər şərəfsiz olasan ki, bu sözü işlədəsən? Bunlar hamısı insana təsir edir. Elə şeylər var ki, ona dözmək omur. İlham da haqsızlığa dözə bimədi.

AzNews.az