Abutalıbova tabe olan qurumdan şikayət var
10:17 17-02-2016
İQTİSADİYYAT
"Baku Bus"un metrodan keçən yolu: sərnişinlər nədən narazıdır?
Bakı avtobuslarında kart sisteminə keçid hamını məmnun etsə də, hələ də metro stansiyalarından xeyli uzaqda yerləşən dayanacaqlarda gediş haqqı yükləmək üçün aparatların olmaması bu yenilikdən zövq almağa imkan vermir. Məsələn, Hökumət evinin qarşısındakı dayanacaqda avtobusa minərkən təsadüfən gedişin bitdiyi məlum olarsa, oradan ən azı "Sahil" metrosuna qədər uzun bir məsafəni piyada qət edib karta gediş yükləməlisən.
Eyni vəziyyətlə "Koroğlu" metrosunun qarşısından keçən 1 saylı "Baku Bus" avtobuslarından istifadə edən sərnişinlər də üzləşirlər. Əgər kartında gediş yoxdursa, mütləq metroya enməli, kartı yükləməli və yenidən qayıtmalısan. Dövlət Kukla Teatrının yanındakı yolun hər iki tərəfində hər gün yetərincə çox istifadə olunan dayanacaqlarda da heç bir ödəniş aparatı yoxdur.
Amma bununla bərabər, bəzi dayanacaqlarda yan-yana bir neçə belə aparat quraşdırılıb. Sərnişinlərin narazılığına səbəb olan bu problemi araşdırmaq üçün "Baku Bus" MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın bildirdiyinə görə, gediş haqlarının yüklənməsi üçün aparatların quraşdırılması BakıKART-a aid məsələdir və MMC onlardan sadəcə kart xidmətini alır: "BakıKART terminalları, sərnişinlər adaptasiya olunsun deyə, 70-80% "Baku Bus" avtobuslarının dayanacaqlarının olduğu yerlərdə mövcuddur. Sırf insanların bu adaptasiyanı keçməsi üçün biz 80% dayanacaqlarda olması təklifini verdik və şirkət də bunu etdi. Bütün dayanacaqlarda bunları quraşdırmaq mümkün deyil".
BakıKART-dan da buna oxşar cavab aldıq. Məsələn, Hökumət evinin qarşısında gediş haqqı bitən sərnişin Bayıl dayanacağına gedib orada kartına gediş yükləyə bilər:"Aparatlar olmayan yerlərdə köşklər var və sərnişinlər həmin köşklərdə gediş haqqını yükləyə bilərlər. Bu aparatlar ucuz deyil və ona görə də, bütün dayanacaqlarda quraşdırılması mümkün deyil".
Məlumat üçün bildirək ki, Bakı metropoliteni stansiyalarında 133 ədəd, avtobus dayanacaqlarında 49 ədəd və mətbuat köşklərində 52 ədəd "BakıKART" satış və yükləmə aparatları mövcuddur.
BakıKART-ın saytında yerləşdirilmiş informasiyaya inansaq, gediş haqqının internet vasitəsilə "online" doldurulması funksiyasının da yaxın zamanda sistemə əlavə ediləcəyi gözlənilir. Bəlkə o zaman metroya enməyə ehtiyac da aradan qalxar.
Xatırladaq ki, "Baku Bus" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulmuşdur.
Onu da qeyd edək ki, adıçəkilən MMC Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tabedir. Belə ki, qurum məhz paytaxt meriyasının tabeliyində yaradılmışdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31