Bütün dünyası musiqiylə dolan Azərbaycanın fəxri Alim Qasımovla, xoşbəxtlikdən, yenə görüşdük. Zöhr namazının vaxtı idi. Alim Qasımovun köməkçisi muğam ustadının indi namaz qılacağını, qıldıqdan sonra müsahibə verəcəyini dedi. Alim Qasımov dünya şöhrətli olmağına baxmayaraq çox sadə insandır. Hələ bunu onunla ilk müsahibəmdə anlamışdım. Yenidən onu görməyə sevinirdim. Möhtəşəm ifalarıyla tanınan muğam ustası sadəliyi və mehribanlığı ilə də milyonların rəğbətini qazanacaq biridir.

Namazdan sonra müsahibəyə dəvət etdi. Səmimi söhbətə başlasaq da, Alim Qasımovun sadəliyi ilə yanaşı, daxilində olan zəngin, mürəkkəb dünyanın olduğunu və çox çətinliklə açıldığını hiss etdim. Əlbəttə, bu qədər də sadə olsaydı, Alim Qasımov olmazdı. Onun necə biri olduğunu əslində hamı dərk edə bilməz. Bəzi ifadələri var ki, insanın həyatını da dəyişdirər. Onun milyonları əhatəsinə və təsirinə almaq gücünə malik daxili enerjisi ifasına təzahür edib insanlara təsir etdiyi kimi, davranışlarında da sezilirdi.

Monoton yaşamağı sevmirəm

- Yayı neçə keçirdiniz?

- Yayı hamı kimi, ailəylə birgə, tək və dostlarla da keçirtdim. Mən ümumiyyətlə, monoton yaşamağı sevmirəm. Həm işimdə, həm yaşamağımda fərqlilik özünü göstərir. Çox rəngarəng həyat keçirirəm, eyniçilikdən, təkrarçılıqdan uzaq.

İnsan istirahət vaxtı adət etdiyi yerlərdən, adət etdiklərindən çox vaxt uzaqlaşmaq istəyir. Amma əsas ailəylə, sevdiyin insanlarla bir yerdə olanda bu daha yadda qalan, daha halal, daha da ürəyəyatımlı olur. Azərbaycanda olduqca ailəylə burada istirahət edirik. 19 gün Naxçıvanda qaldıq, bir neçə gün Təbrizdə və Almaniyada qaldıq. Naxçıvanın öz marağı oldu. Çox qonaqpərvərdirlər, bizi qonaq apardılar, görmədiyim yerləri bizə göstərdilər. O qədər qonaqpərvərdirlər ki, məni o qədər yerə aparmaq istəyirdilər ki, artıq qaçıb gizlənirdim. Çox gözəl dostlarım var. İldə bir dəfə oraya getməliyəm. Yaxşı havası var. Orada Duz Dağına da getmişdim müalicə üçün. Həm ticarət oldu, həm ziyarət.

- Ailəyə yetərincə vaxt ayırırsızmı? Konsertlərə, səfərlərə başınız qarışdığı müddətdə diqqətdən kənar qalaraq şikayətlənirlərmi?

- Yox, şikayət etmirlər. Artıq özləri başa düşürlər. 40 ildir ki, bu sistemlə yaşamağa öyrəşiblər. Tədbirin tədbir yeri, ailənin də ailə yeri. Artıq öyrəşiblər.

- Müğənnilərimiz getdikcə qalmaqallara daha çox yer verir və bunu ictimailəşdirirlər. Buna münasibətiniz necədir?

- Qalmaqal hər bir sahədə var. Musiqiçilər həmişə xalqın diqqət mərkəzində olduğuna görə qalmaqalları da üzdə olur. Olmalıdır da. Həyatdır. Nə qədər insan yaşayır, qalmaqal da var, yaxşı da var, pis də var.

"Xasiyyətdir də..."

- Məhz qalmaqalla yadda qalmalarına necə baxırsız?

- Dedi-qoduyla? Xasiyyətdir də. Hərənin bir xasiyyəti var. Yaşayış tərzi var. Onların yerinə danışa bilmərəm ki... Adam var, dedi-qoduyla, kiminsə dalınca danışmaqla öz enerjisini buraxır. Elə adamlar var. Mən elə deyiləm. Dəyməyim sənə, dəymə mənə. Sakit. İmkan daxilində onları özümdən uzaqlaşdırıram. Adam var ki, qalmaqalsız yaşaya bilmir. O, enerjini bu cür boşaldır, manyaklar kimi.

- Saytlarda, televiziyalarda müğənnilərin, sənət adamlarının yaradıcılığından çox, onların şəxsi həyatı ilə bağlı xırdalıqların, qalmaqalların verilməsinə necə baxırsız?

- İnsanlar öz aralarında bir-birilə vuruşurlar, onu qoyduq bir kənara. Amma televiziya, radio və saytlara dost kimi nəsihətim odur ki, qalmaqalları çox qabartmasınlar. Çalışsınlar, insanı düz yola gətirmək haqqında verilişlər, çıxışlar olsun. İnsana xeyir verən söhbətlər daha çox olsun. Qalmaqal onsuz da hər birimizin həyatında var. Bunu qabardıb gündəmə gətirməyin nə mənası var? Camaata mənəvi dəyərlərin zənginliyinə yönəlmiş məlumatlar verilməlidir. Gələcək nəsil necə olmalıdır? Onu göstərmək lazımdır, nəinki bunları. Təqsir izləyici və oxucularda deyil, göstərən və təbliğ edənlərdədir.

- Bu gün dəbdə olan müğənnilərdən kim yadda qalacaq? Kim tarixə düşəcək?

- Yadda qalmaq, tarixə düşmək bu insanın əlində deyil. Allaha şükür ki, insanların əlində deyil. İstəyirsən, bu canlı dünyada bütün medalları, adları yığ evinə, amma bunu tarix qəbul eləmirsə, deməli o, yoxdur. Allaha şükür edirəm ki, mən deməklə, o deməklə, tarix olmur. Kimin adı tarixə düşəcək, necə düşəcək? Onu tarix özü göstərəcək.

Söhbətin bu hissəsində Alim Qasımov qəlyanı çıxardıb çəkməyə başladı. Saytlarda onun fotolarını çox vaxt məhz belə görmək olur. Qəlyanı çəkir və dərin fikrə gedir. Anlamaq olmur, o, pərişandır, yoxsa adət etdiyi üçün çəkir.

- Alim müəllim, qəlyana çoxmu önəm verirsiz? Bu ziyan deyilmi? Sizə deyən olubmu ki, çəkməyin?

- Bunu çəkmək olmaz. Qəlyan zərərlidir. Mən uşaqlıqdan vərdiş eləmişəm. Hərdən də ara boş olanda yandırıram.

- Neçə yaşınızdan çəkirsiz?

- Çəkəndə heç yaşımı bilmirdim. Çox kiçik idim yəni. Buna görə bizi uşaqlıqda az qala öldürürdülər. Ağzımıza duz tökürdülər, ovxalıyırdılar ki, çəkməyək.

"Bir ürək mənim bədənimi işlədir, bir ürək də..."

- Qayıdaq musiqiyə, o, həyatınızda necə bir yer tutur?

- Musiqi həm tərbiyəm, həm xalq arasında hörmətim, musiqi mənim sənətim, mənim ikinci ürəyimdir. Bir ürək mənim bədənimi işlədir, bir ürək də mənim bütün həyatımı əhatə edir. O da musiqidir.
Bunu mənə kimsə deməyib. Bu Allahın məni yönəltdiyi bir yoldur.
Muğam sonsuzdur. Muğam sonu, bucağı görünməyən bir okeandır. Baxır kim nə qədər bu musiqi okeanında üzür, kim nə qədər dərinə gedir? Səhərdən axşama qədər, axşamdan səhərə qədər bütün vaxtını alır. Çünki bu yaradıcılıq işidir. Musiqi həm mənim işimdir, həm hobbimdir, hər şeyimdir. Nə istəsən, musiqidə var.

- Pərəstişkarlarınız sizinlə əlaqə qurmağa çalışırlarmı?

- Bu müsahibədən öncə Rusiyadan bir adam gəlmişdi. Dedi ki, qardaşım qəza keçirib, beyni pozulub, ancaq sənin ifanla yaşayır. Biri Tehrandan gəlib, cavan oğlandır. Deyir ki, icazə ver, heç olmasa ayda bir dəfə gəlib sizinlə görüşüm. Xarici ölkələrdən də mənimlə əlaqə quran pərəstişkarlarım olur.
Pərəstişkarlarım ürək sözlərini gəlib deyəndə qürur hissi keçirirəm. Daxili bir enerji yüksəlişi keçiririk. Allaha şükür ki, səhv öyrənməmişik, səhv yolda deyilik, muğamı düz ifa etmişik ki, indi də nəticəsini görürük. İnsan istər-istəməz daxili bir kef eləyir də.

- Bu gün gənclər hansı musiqiyə meyl edirlər?

- Dünya durduqca yüngül musiqi dəbdə olub. Çünki bugünkü həyat tərzində işlənilən sözlər yüngül musiqidə işlənərək populyar olur. Məsələn, "Ay qız, gəl! Mən zəng eləyirəm, sən harada qalmısan?" Gündəlik sözlərlə oxunan mahnılara gənclər həmişə meyl edib. Muğam düşündürücü musiqidir. Ona səbir lazımdır. Gərək oturasan, qulaq asasan.

- Son zamanlar xarici musiqilərin şərq musiqisi ilə sintezi daha da artıb. Bu nə ilə bağlıdır?

- Şərqin həm yaşayışında, həm mənəviyyatında, həm də musiqisində istilik çoxdur. Nəinki Avropa musiqisində. Şərq musiqisi, şərq həyatı çox istidir. Bütün dünya, Avropa, xaçpərəstlər bizim demək olar ki, hər şeyimizə yiyələniblər. Bizim həyatımızı yaşayırlar. Biz də istəyirik ki, onlara özümüzü göstərək və onlar kimi yaşayaq. Çox qəribədir.

- Yaradıcılığınızda nə kimi yenilikləri planlaşdırırsız?

- Qarşıda səfərlərimiz var. Səfərlərdən sonra ola bilsin ki, Azərbaycanda konsert verəcəyik. Sentyabrın 5-i Almaniyaya gedirik. Sentyabrın 9-u Osnabrükdəkamançaçalan Rauf İslamov, pianoçuSalman Qəmbərov, Mişel Qodarla 50 dəqiqəlik konsert proqramı ilə çıxış edəcəyik. 15-i Amsterdamda konsert verəcəyik. Amsterdamdan Rauf İslamovla Amerikaya yola düşəcəyik. Burada 11 konsert gözlənilir. Amerikanın bir neçə ştatında konsert və 4-5 master-klassolacaq. Amerikanın çox mötəbər universitetlərinin nəzdində olacaq. Konsertin özəlliyi "Leyli və Məcnun"un ifası zamanı Mark Morrisin rəqs ansamblının müşayiət etməyi olacaq.

- Din həyatınızda çox önəmlidir.

- Allaha ibadətim gündəlik yaşayışımdır. Hər gün Allahrizası ilə 5 dəfənamazqılıram. Demək olar, bizim evdə 99 faiz hamı vaxtı-vaxtında namazını qılır, orucunu tutur. Allah hamıya qismət eləsin.

- Necə oldu ki, ibadətə başladız?

- İbadətə ona görə başladım ki, gördüm, Allah mənə kömək edir, mənə yar olur. İçimdə olan niyyətləri həyata keçirir. Artıq mən Allaha üzümü tutub dedim ki, "Allah, mən namaza başlayacağam".
Bir şamaxılı dostum vardı. Ona dedim ki, məni sübh namazı üçün yuxudan oyat. Sübh namazını qılanda gördüm ki, artıq həyat yoldaşım da bizim arxamızdadır. Biz namazın sözlərini də tam bilmirdik. Elə o vaxtdan namaz qılırıq.

- Gözəl ailəniz, övladlarınız var. Hansı övladınızı daha çox sevirsiz?

- Hamısını sevirəm. İki qızım və bir oğlum var. İki övladımı körpəlikdə torpağa tapşırmışam. Bir qız və bir oğlumu.Yeddi nəvəm var. Nəvələrim arasında mənimlə həmsöhbət olanı da var. Amma çox maraqlıdır, övladlarım da, nəvələrim də ayrı-ayrı adamlardırlar. Üç övlad - hərəsi bir adamdır. Fərqli insanlardır. Nəvələrim də hərəsi bir aləmdir. Elə bilyad adamlarla söhbət edirsən. Hərəsinin öz fikri, hərəsinin öz istəyi.

- Balacalar adətən sevinc bəxş edir, güldürürlər.

- Nəvələrimin hamısı məni güldürürlər. Nəvələrimdən ən gülməlisi Fatimə olub. Çünki o, birinci gəlib. Fərqanənin böyük qızıdır. Sonra balaca qızımın qızı ilə xeyli əyləncəli vaxtlar keçirtmişik. Oğlumun oğlunun adını Alim qoyublar. İndi onunla oynayırıq. Onların hər hərəkəti adama ləzzət edir. Onlardan gələn bir aura, bir enerji var ki, onu heç yerdə görməmişəm. Hiss edirəm ki, nəvələrimin hamısı məni eyni dərəcədə sevir. Onların heç birində Leyli-Məcnun məhəbəbəti hələ ki, görmürəm.

- Sizcə, nəvələrinizdən kim müğənni ola bilər?

- İstəsələr, demirəm əla, amma nəvələrimin hamısı müğənni ola bilər. Kiçik qızımın uşaqları yox, Fərqanənin uşaqları, oğlumun oğlu Alimdə musiqiyə yatımlılıq daha çoxdur. Amma aralarında bunu çox istəyən olsa, ona kömək edəcəyəm. Elə-belə yarımçıq olsa, onu bu yoldan uzaqlaşdıracağam. Bu istedad irsi keçir.

- Sizə kimdən keçib?

- Anamdan da, dədəmdən də keçib. Dədəmin yaxşı səsi olub, anam da çox istedadlı olub. Qeyri-adi olublar. Amma anam evdar qadın olub, dədəm də adi fəhlə, çoban. Bu işlə məşğul olmayıblar. Amma istedadlarını mən bu sahədə olandan sonra anladım.

"Mən də demişəm ki, mən hara, müğənnilik hara?"

- Müğənni olmaq istəyən gənclərə nə məsləhət görərsiz?

- Mən onlara deyirəm ki, kim müğənni olmaq istəyirsə, o, müğənni olmasın. Əksinə, onların yanındakılar onların müğənni olmağını istəyirlərsə, onda müğənni olsunlar. Onların özlərinin istəməsi düzgün deyil. Yanlışdır.
Mənə həmişə kənardan deyiblər ki, bu sənətin dalınca get. Mən də demişəm ki, mən hara, müğənnilik hara?

- Sizi bütün dünyada sevirlər. Böyük sevgi qarşısında insan özünü necə hiss edir?

- Məsuliyyətdir. Sevgini qazanmaq çox çətindir, onu saxlamaq da böyük məsuliyyətdir. Canlı həyat bizim üçün bir imtahandır, bir əziyyətdir, bir zülümdür, Ona görə bu zülmə qarşı ədalətli, imanlı-dinli, Allahın sevgisini qazanıb gedək. Həyatda hər şey zülmdür, yaxşısı da, pisi də...

- Bütün insanlar həyatda çətin məqamlarla rastlaşırlar. Siz belə məqamlarda nə edirsiz ki, çətinlikdən çıxasız?

- Problemləri həll etmirəm. Allah özü kömək olur. Mənə həyatda rəhmliliyim, insafım kömək edib.

- Siz məşhur müğənni həyatı yaşayırsızmı? Ulduz xəstəliyiniz olubmu?

- Sənəti kənara qoysaq, mən adilərdən də adi, kəndçilərdən də kəndçiyəm, çobandan da çobanam. Mən elə adamam, elə də yaşayıram. Mən öz sənətimə uyğun yaşamıram. Əksinə, sənətim ayrı yerdədir, mən ayrı. Məni xalq sevib, qiymətləndirib.

Milli.Az