Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək.
Unikal.org APA-ya istinadən xəbər verir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.
Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.
Rusiya XİN-dən verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır. Bundan başqa nazirlikdən bildirilib ki, həmsədrləri Rusiya XİN rəhbərliyi də qəbul edəcək.