"Vahid namizəd" qovğası başlandı...
12:48 14-06-2012
İQTİSADİYYAT
"Vahid namizəd" qovğası başlandı...
Müxalifətin parçalanması ilə
Bu günlərdə İctimai Palatada 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılanda ciddi fikir ayrılıqları ortaya çıxdı. Hətta seçki məsələsini gündəmə gətirən Pənah Hüseynli hədəfə alındı və bildirildi ki, bu mövzu gündəmdən mütləq çıxarılmalıdır. Bu fikrə dəstək verənlərdən biri də AXCP sədrinin müavinidir.
"Biz hesab edirik ki, 2013-cü il prezident seçkilərinə ilyarım qalmış indidən namizəd məsələsinin gündəliyə gətirilməsi doğru deyil".
Bu açıqlamanı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası funksionerlərinin partiya başqanı İsa Qəmbərin müxalifətin vahid namizədi olması ilə bağlı fikirlərinə münasibət açıqlayarkən deyib. O bildirib ki, hazırda əsas diqqət ölkədə demokratik seçki mühitinin yaradılmasına yönəldilməlidir, digər müzakirələr isə ziyanlı ola bilər: "Vahid namizəd məsələsi ilə bağlı indidən müzakirələr olsa, bu, müxtəlif spekulyasiyalara yol aça, eyni zamanda müxalifət daxilində fikir ayrılığı yarada, narazılığa səbəb ola bilər. Ümumiyyətlə, bu məsələ müxalifətin vahid namizədi formatında həll olunmalıdır, nəinki ayrı-ayrı müxalifət partiyaları tərəfindən namizədlərin irəli sürülməsi formatında. Bu isə zamanı gələndə, yəni seçki kampaniyası başlayarkən həll olunmalı bir məsələdir. İndidən bu cür müzakirələrin açılması mübahisələrə səbəb olan polemikaların yaranmasına gətirib çıxarar. AXCP olaraq namizədlərin şəxsiyyəti ətrafında hər hansı kampaniyanın aparılmasını ümumi demokratik prosesə xidmət edən mövqe kimi qəbul etmirik. İndiki halda yalnız birləşdirici məqamlar ön plana çəkilməlidir".
F. Qəhrəmanlı bildirib ki, müxalifətin vahid namizədi konkret partiyalar tərəfindən deyil, ümumi müxalifət tərəfindən müəyyənləşməlidir.
Qeyd edək ki, Müsavat Partiyasının bir sıra funksionerləri partiya başqanı İsa Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd olması arzularını dilə gətiriblər.
Partiyanın hazırda həbsdə olan Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin müxalifətin vahid namizədi olmasına çalışacağını söyləyib. Partiya Divanının üzvü Qubad İbadoğlu isə deyib ki, İsa Qəmbər növbəti prezident seçkiləri üçün müxalifətin ən layiqli, ən şanslı namizədidir.
Sorğu əməliyyatı
AXCP vahid namizəd məsələsinin gündəmə gəlməsini istəməsə də, kəşfiyyat xarakterli ilk addımlar artıq atılıb. Belə ki, AXCP-yə yaxın mətbu orqanlarda "vahid namizəd kim olmalıdır?" sualı ilə sorğu keçirilib və sözsüz ki, AXCP sədri Əli Kərimli lider olub. Beləliklə, ictimai rəydə belə bir fikir formalaşdırılır ki, Müsavat başqanı reallıqla barışmalı və Əli Kərimlinin xeyrinə namizədliyindən imtina etməlidir. Başqa maraqlı və ciddi nüans həm də bu oldu ki, Pənah Hüseynli də bildirdi ki, vahid namizəd məsələsi yalnız AXCP sədri ilə Müsavat başqanı arasında həll olunmamalıdır.
O düşünür ki, məsələ ümumi müzakirəyə çıxarılmalıdır. Bundan sonra isə müəyyənləşməlidir ki, kim vahid namizəd olacaq.
Onlar nəyi gözləyirlər?
Maraqlıdır, Pənah Hüseynlinin təklifi təhrif olunmuş şəkildə gündəmə gətirildi və ciddi qınaq öbyektinə çevrildi. Bəs AXCP və Müsavat rəhbərliyi məsələnin hələ gündəmə gətirilməsini niyə istəmədilər?
Ekspertlər hesab edirlər ki, istər AXCP, istərsə də Müsavat rəhbərliyi bilir ki, seçkilərdə heç kəs heç kəsə güzəştə getməyəcək və İsa Qəmbər də,Əli Kərimli də namizəd olacaq. Belə olan halda İctimai Palata, sözsüz ki, buraxılmalı olacaq. Müxalifət isə hazırkı vəziyyətdə İctimai Palatanın ləğv olunmasını istəmir. Çünki belə bir parçalanma olarsa, hakimiyyət bundan ciddi şəkildə istifadə edəcək və müxalifətin cəmiyyətdəki nüfuzu daha da aşağı düşəcək. Buna görə müxalifət partiyaları hələ ki gözləmə mövqeyindədir və ciddi aksiyalara artıq maraq göstərən yoxdur. Bu səbəbdən də "Evroivision" Mahnı Müsabiqəsindən sonra müxalifət heç bir ciddi aksiya həyata keçirmədi. Çünki indiki mərhələdə partiyalar ayrı-ayrılıqda təşkilatlanmaya və güclərini səfərbər etməyə çalışır.
Bəs indiki məqamda üstünlük kimdədir və bu gözləntilərin arxasında nə dayanır?
Müsavat Partiyası
çətin durumda
Hazırda ən çətin durumda olan partiya Müsavat partiyasıdır ki, bunun da bir sıra səbəbləri var. İlk səbəb budur ki, partiyanın aktivləri hələ həbsdədir və təşkilatlanma işlərini lazımi şəkildə həyata keçirə bilmir. Digər mühüm məsələ isə Müsavatın qurultaya getməsidir. Çünki qurultay kifayət qədər gərgin keçəcək. Çünki hazırda ən iddialı namizəd Arif Hacılı olsa da, İsa Qəmbərə yaxın çevrə onun başqan olmasında maraqlı deyil. Buna görə də bir neçə variant üzərində iş gedir. Bir qrup iddia edir ki, prezident seçkiləri sona çatana qədər İsa Qəmbər başqan olaraq qalmalıdır.
Amma Arif Hacılı başda olmaqla onun tərəfdarları hesab edirlər ki, İsa Qəmbər mütləq başqanlıqdan getməlidir. Əsas gətirilir ki, İsa Qəmbər başqanlıqda qalsa, Müsavat Partiyası bütövlükdə ictimai qınağa tuş gələcək. Çünki bir müddət öncə referendum keçirilərək bir şəxsin iki dəfədən artıq prezident seçilməyinə razılıq veriləndə müxalifət buna ciddi etiraz etdi və İsa Qəmbər bəyan etdi ki, Müsavat başqanlığından gedəcək və bir nümunə göstərəcək.
Xatırladaq ki, Müsavat Partiyasının nizamnaməsinə görə, bir şəxs iki dəfədən artıq başqan seçilə bilməz. Buna görə də İsa Qəmbər postundan əl çəkməlidir. Arif Hacılının tərəfdarlarının arqumenti budur.
Amma İsa Qəmbər tərəfdarlarının başqa bir ideyası da var ki, bu da İsa Qəmbərə daha yaxın olan Qubad İbadoğlunun başqanlığa gətirilməsidir. Ekspertlər hesab edirlər ki, bu variant seçilərsə, partiyada ciddi parçalanmalar olacaq.
Beləliklə, istənilən halda Müsavat parçalanmaya tuş gələcək. Müsavat başqanı üçün başqa bir çətinlik Açıq Cəmiyyət Partiyasının aktivləşməsidir. Məlum olduğu kimi, Rəsul Quliyevin lideri olduğu partiyaya Sülhəddin Əkbər sədr gətirildi. Sülhəddin Əkbərin isə əsas dayaqları Müsavatdadır və indilikdə Müsavat sıralarından istefaların sayı artmağa başlayıb.
Müşahidəçilər bildirirlər ki, bir neçə ay ərzində Müsavat Partiyası, ən azı, 5-6 rayon təşkilatını itirməli olacaq. Belə olan halda Müsavat Partiyasının tək dayaq yeri Klassik Xalq Cəbhəsi partiyası olacaq. Düzdür, KAXCP hazırda Rəsul Quluyevlə bir ittifaqdadır. Amma baş verənlər təsdiqləyir ki, bu ittifaq dağılacaq və Müsavat-KAXCP birliyi yaranacaq.
AXCP revanşda
Müsavat Partiyasından fərqli olaraq AXCP son proseslərdə daxili nizamını qoruyub saxlaya bildi və proseslərdən daha az itki iklə çıxdı. Bununla yanaşı Müsavatdan fərqli olaraq AXCP İctimai Palatada təmsil oluna-oluna digər partiyalarla da intensiv daşnışıqlar apardı. Bu gün isə AXCP üçün əsas məsələ gözlənilən ittifaqı formalaşdırmaqdır. Söhbət AXCP-ACP birliyindıən gedir. ACP bu gün bir tərəfdən Müsavatı parçalanmış duruma salırsa, digər tərəfdən də Əli Kərimlinin namizədliyi üzərində işlər aparır.
Ekspertlərin fikrincə, hazırkı mərhələ də Rəsul Quliyev Əli Kərimli ilə ittifaqa gedə bilər. Çünki Rəsul Quliyevin özünün Bakıya qayıtması mümkün deyil və bu səbəbdən Əli Kərimliyə dəstək olacaq.
Amma AXCP-in başqa bir problemi də budur ki, fəaliyyət imkanları məhduddur və bu güclə real seçkilərə getmək o qədər də asand olmayacaq.
Xarıcı təsirlər
Bu gün müxalifətin nələr edəcəyi həm də Avropa və ABŞ-dan çox aslıdır. Nəyə görə? Ona görə ki, müxalifət Qərbdən dəstək almasa, real heç bir addım ata bilməyəcək.
Beynəlxalq mahnı müsabiqəsi zamanı da şahidi olduq ki, müxalifət beynəlxalq təşkilatların maraqlarına uyğun olaraq hərəkət etdi. Müxalifətin hər aksiyasından sonra beynəlxalq təşkilatlar bəyanatlarla çıxış etdi.
Hesab edilir ki, yenə də eyni proseslər təkrarlanacaq. Güman edilir ki, Qərb Azərbaycana qarşı təzyiqlərini daha da artırmağa çalışacaq və bunun müqabilində haklimiyyəti hansısa məsələlərdə güzəştə getməyə məcbur etməyə çalışacaq.
Beşdən çox namizəd
Hazırda biz iki müxalifət partiyasının bir araya gələ bilməməsi məsələsinə toxunduq. Amma müxalifətin problemi bununla bitmir. Bu gün başqa müxalifət partiyaları da var ki, onlar da, sözsüz ki, oyundan kənarda qalmayacaq. Məsələn, Qarabağ bloku artıq bəyan edib ki, prezident seçkilərində iştirak edəcək və namizədi İqbal Ağazadədir. İqbal Ağazadə isə ADP-in həm də dəstəyinə görə müxalifətin səsinin bir hissəsinə sahiblənə biləcək.
Bundan başqa ortada Lalə Şövkət Hacıyeva faktoru da var ki, bu da unudulmamalıdır. Lalə Şövkət müxalifət düşərgəsində kifayət qədər səsə sahibdir və bu səslər də müxalifətə itkilər hesabına başa gələcək. Nəhayət, başqa bir güc kimi Klassik Xalq Cəhbəsi partiyasını göstərmək olar. KAXCP seçkilərə təkbaşına gedərsə, müxalifət yenə ciddi itkilərlə üz-üzə qalacaq.
Beləliklə aydın olur ki, hakimiyyət seçkilərə vahid namizədlə getsə də, müxalifət bu problemini həll edə bilməyib.
Maraqlı başqa bir detal isə budur ki, seçkilər öncəsi eks-prezident Ayaz Mütəllibov aktivləşərsə, bu da müxalifətə ağır zərbə olacaq. Çünki müxalifət hazırda hesab edir ki, hakimiyyətdən narazı olan, amma hələlik müxalifətin yanında olmayan sosial bazanı ətrafına cəlb edə biləcək. Amma Ayaz Mütəllibovun geri qayıdışı bu sosial bazanı müxalifətdən daha da uzaqlaşdıracaq.
Ekspertlər hesab edirlər ki, Ayaz Mütəllibov bu günün özündə də onu devirən hazırkı müxalifətlə xoş münasibətdə deyil və köhnə intiqamını mütləq alacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40