Braziliyanın Rio-de-Janeyro şəhərində Paralimpiya Oyunları başlanıb.
"Marakana" stadionunda Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Belarus yığmasının keçidi zamanı Rusiya bayrağı dalğalanıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, belarusların bayraqdarı nizəatan Aleksandr Trıpus idi.
Rusiyanın Paralimpiya Yığması oyunlardan kənarlaşdırılıb və Paralimpiadaya qatıla bilməyib. Avqustun 23-də belarus paralimpiyaçılar Rusiya idmançılarına dəstək vermişdilər. Belarus Paralimpiya Komitəsinin sədri Oleq Şepel isə Rioda Paralimpiadanın açılış mərasimində Rusiya bayrağını dalğalandıracaqlarını vəd etmişdi. Beynəlxalq Paralimpiya Komitəsi də belaruslara belə hərəkəti yasaqlamışdı.
Beynəlxalq Paralimpiya Komitəsi (İPC) "Marakana"dakı olayla bağlı araşdırmalara başlayıb. Rusiyanın bayrağı müsadirə olunub. Belarus yığmasına qarşı sanksiyaların tətbiqi gözlənilir.
İPC bu olayı "Olimpiya Oyunlarının ruhuna zidd, siyasi protest" adlandırıb.
Rusiya bayrağını qaldıran Belarusun Yüngül Atletika üzrə Olimpiya Hazırlıq Mərkəzinin direktoru Andrey Fomoçkin idi.
2008-ci ildən bəri o, Belarusun idman və turizm nazirinin köməkçisidir.
Rusiya XİN-in sözçüü Mariya Zaxarova A.Fomoçkini qəhrəman adlandırıb.
Belarusun İdman və Turizm Nazirliyinin sözçüsü Vladimir Nesteroviçsə deyib: "Bu addım bizimlə razılaşdırılmamışdı və Fomoçkinin şəxsi təşəbbüsü olub. Sanksiyaların qəbulu ilə bağlı prosesə təsir imkanlarımız yoxdur. Lakin ümid edirəm ki, Fomoçkin ölkəmizdə hər hansı formada cəzalanmayacaq".
Belarus prezidenti Aleksandr Lukaşenko "Marakana"da Rusiyanın bayrağını qaldırmış A.Fomoçkini təqdir edib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun fikrincə, A.Fomoçkin bu hərəkəti ilə milyonları heyrətləndirib və sevindirib.
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya yığmasını avqustun 7-də tam heyətlə Paralimpiadadan kənarlaşdırılıb. Səbəb Beynəlxalq Antidopinq Agentliyinin (WADA) tapşırığı ilə Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiyanın hazırladığı hesabatdır.
Hesabatda Rusiya yığması 2014-cü ildə Soçidə keçirilmiş Olimpiya oyunlarında dopinq fırıldaqlarında suçlanıb.
Xatırladaq ki, Rusiya paralimpiyaçılarının əllərindən alınmış lisenziyaları digər iştirakçı ölkələrin idmançıları arasında paylanılıb. Yeganə olaraq Azərbaycan bu lisenziyalardan imtina edib və Paralimpiya Oyunlarında idmançılarımızın yalnız özlərinin qazandıqları lisenziyalarla iştirak edəcəklərini bildirib.