Səni tərk etmək çətin..! -
mən bunu istəmirəm...
Amma atıb gedəcəm
bu səddi yenməliyəm.
Məğlub olmaq üçünmü
oyun oynadın? - Nədən?!
Bir sual et özünə -
dərk et bunu dərindən...

Neyçin oyuna girdin?-
ağ bayraqla bitirdin.
Öncədən bilə-bilə,
Sən sonunu yetirdin.
Bunu bilirdin, əlbət,
Amma gözə almadın,
Zəfər ciddi addımdır,
Sən bunu anlamadın.

Yoxdur qalib! - Heç bunu
Gətirmə xəyalına.
Zəfər sözü çox yaddır
bu oyunun adına...
Həyat elə həyatdır
Filimlərə aldanma
Bəs onda səbəb nədir
təlaşa, həyacana?..

Gözlərinə baxıram -
hisslər, duyğular labüd...
Sanma gənc ürəkdədir
bütün şübhə, tərəddüd...
İnanırdın sonunda
hər şey yaxşı olacaq,
Hər halda gözləyirdin,
İnanmağınsa - nahaq...

Sonun axırı budur,
Belə də olmalıymış..!
Ən sona nöqtə qoyub
yeni həyat başlamış...
İtirməksə çətindir,
Bunu mən də bilirəm;
Çünki özüm bu yolu
qarış-qarış gəlirəm...

"Bağışla desəm sənə
yüngüllük taparsanmı?
Ən duyğulu anında
itirdiyini duyub,
Köksün üstə sıxdığın
o incə əllərimi
xahiş eləsəm səndən
açıb buraxarsanmı?

"Sızıldama, ağlama! -
yox, ağlayan deyilsən..!
"Unut, yadından çıxart! -
unudan da deyilsən...
Xahiş edirəm, süzmə
həsrətli gözlərinlə...
Yanaşı olanda da
təkdin öz aləmində...

Az da olsa, əqlimi
başımdan eyləmişdin.
Səni mən Məcnun etdim;
etirafda gecikdim..?
Lap boynuma alsam da
günahımı - nə fayda?..
Günahlar silinəcək
gün üfüqdən qalxanda...
Sən də qeyb olacaqsan
günahlarla birlikdə...
Təlaşlanma, yellənmə
qürubun yedəyində.
Mən sənə "yox! deyirəm
"Yox mövcud olmasa da...
Yolasa tək çıxıram
həyacanlar sarsa da...

Aramızda uçurum -
dərinliyi bir ümman.
Torpaq tökmə - bitişməz,
Heç cəhd etmə, ay oğlan.
Gedirəm, qəzəbliyəm,
Kinim - oddan-alovdan..!
Addımlarımsa kövrək,
Arxasında bir inam...

Tərcümə: MAHİR QABİLOÄžLU