Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseyinlə görüşüb.

Səfirlikdən Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə rəhbərlərinin səmimi dostluğunun yaratdığı imkanlar haqqında fikir mübadiləsi aparılıb.

Səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Nazir R.T.Hüseyin Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd edib. Pakistanın müdafiə sənayesi müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir Azərbaycan ordusunu müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycana etdiyi səfərləri və şahidi olduğu inkişafı xatırladan nazir sentyabrın 27-30 tarixlərində Bakıda keçiriləcək ADEX-2016 müdafiə sərgisində də iştirak edəcəyini bildirib. Qarşılıqlı hərbi-texniki sahədə əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının artırılması imkanları haqqında söhbət açan nazir özünün həmçinin Pakistanın elm və texnologiyalar sahəsi üzrə də məsul şəxsi (Pakistanın elm və texnologiyalar federal naziri) olduğunu və bu sahədə də Azərbaycanla əməkdaşlığın daha da artırılması zərurətini diqqətə çatdırıb.