Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri olaraq Amerikanın adının çəkilməsi bəzi mətləblərdən xəbər verir.

Unikal.org xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq bildirib ki, ermənilər hər vasitə ilə sülh danışıqları prosesini əngəlləməyə çalışırlar:
"Guya ölkədə qiyam olacağına və Sərkisyanın devriləcəyinə dair müxtəlif ekstentlər barədə danışırdılar. Ancaq bu, çox qısa çəkdi, elə ki, yay başladı, hər şey yenidən qaydasına düşdü. İndi isə qarşıda xarici işlər nazirləri, sonra isə prezidentlərin görüşü gözlənilir. Yəni Dağlıq Qarabağ probleminə dair intensiv danışıqlar getməlidir. Bu ərəfədə isə Ermənistanda hökumət dəyişiklikləri baş qaldırır. İndi bu prosesi də bir müddət uzadacaqlar və yaxud yeni xarici işlər naziri təyin edəcəklər. Güman edirəm ki, bu minvalla danışıqlar prosesinin payız mərhələsini də pozacaqlar. Nəticə etibarilə, Dağlıq Qarabağa dair danışıqlar uzanacaq".

Q.Hüseynli hazırkı ərəfədə Moskvanın kifayət qədər könülsüz göründüyünü və Rusiyanın Qarabağ məsələsinin həllinə başlamaq istəmədiyini deyib:

"Artıq Suriya böhranının çözülməsinin perspektivləri görünür. Ancaq Rusiya Qarabağ məsələsinin həllində hərəkətə keçmir. Kreml KTMT-ni yenidən qurur, təşkilatın yeni sədri isə Ermənistanın müdafiə naziri olacaq. Bu, özlüyündə çox qeyri-adi və xoşagələn hal deyil. Çünki ilk dəfədir ki, Rusiya NATO-suna erməni başçılıq edəcək. Belə olan halda Ermənistan çox keçmədən daha aqressiv və barışmaz siyasətini ortaya qoyacaq. Zənnimcə, hələ ki, baş verənlər pozitiv olmağa əsas vermir. Üstəlik, Ermənistan rəhbərinin protokola sığmayan bəyanatları ortamı korlayır. Halbuki Sərkisyan Moskvada 5 rayonun qaytarılmasına razılıq verib".

Politoloq bu kontekstdə danışıqlar prosesi ilə bağlı təşəbbüsün Qərbin əlinə keçəcəyini mümkün sayıb:
"Qərb Suriya və Dağlıq Qarabağ probleminə eyni nöqteyi-nəzərdən yanaşır. Hər halda prezidentlərin növbəti görüş yeri olaraq Amerikanın adının çəkilməsi bəzi mətləblərdən xəbər verir. Cərəyan edən siyasi proseslər hələ ki, gedişata bir aydınlıq gətirməyib. Bundan sonra gündəmdə nazirlərin və prezidentlərin görüşü dayansa da, Ermənistan danışıqlar prosesinə maneçilik törətməkdə davam edir".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Hələlik vaxtı müəyyənləşməsə də, növbəti görüşün Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

Bir müddət öncə Ermənistanda başlayan hökumət böhranı hazırda daha da dərinləşib və hakimiyyətin yuxarı təbəqəsində ciddi istefalar gözlənilir.