Azərbaycan Turizm və Menecment Universitetində "Bilik günü qeyd olunub.
Unikal.org-un məlumatına görə, universitetin rektoru Eldar Aslanov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi ali məktəbin bakalavr pilləsini bitirən 1600 məzundan 106 magistr dərəcəsi, 151 nəfəri isə ilk dəfə olaraq bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın İMC Krems TEU-nun diplomunu alıb: "Bu tədris ilində tələbələrimizdən 13 nəfəri Türkiyədə, 1 nəfər Kiprdə, 30 nəfər İsraildə, 2 nəfər İspaniyada, 1 nəfər Rusiyada, 200 nəfərdən çox tələbəmiz isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub.
Rektor əlavə edib ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinə 500 şagird qəbul olunub.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetini bitirən tələbələrin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb: " Universitetin tələbələri ilə xaricdəki turizm obyektlərində rastlaşanda sevincimin həddi-hüdudu olmur. Görürəm ki, artır Azərbaycan turizm sənayesi dünya turizm sənayesində özünəməxsus yer tutur. Bu universitet ölkəmizin təhsil ocaqları sırasında qabaqcıl sıralardadır.
Nazir bildirib ki, bu gün Azərbaycan turizm sənayesi inkişaf yolundadır: "Turizm sənayesində 50 mindən artıq insan çalışır. Bu, hələ başlanğıcdır. Bu ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə turizm işçilərinin peşə bayramı qeyd olunacaq. Bu, böyük hadisədir. Çünki turizm peşəsi ölkəmizdə özünəməxsus yer tutur.
Tədbirdə yüksək balla ali məktəbə qəbul olan bir qrup tələbəyə tələbə bileti təqdim olunub.