Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə nəzarət yenidən gücləndirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda qeyd olunur ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötənilki qərarına əsasən,respublikanın digər regionlarında qeydiyyatında olan avtomobillərin Bakıya girişi ilə bağlı məhdudiyyət davam edir və məhdudiyyətin tətbiqinə nəzarət sentyabrın 15-dən daha da gücləndirilib.
Bunu nəzərə alaraq, BDYPİpaytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən ilin sentyabr ayının 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadəyə davam etsinlər.
Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib. Sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.
Tətbiq edilən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dəkdir.
Xahiş edirik, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz.