"Sağ olsunlar ki, dəvət edib, təbrik edib bağrına basdı. Bu dərəcədə məsələyə yanaşmaq olmaz"
Unikal.org bildirir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas son günlər icra başçılarının rayon üzrə yüksək bal yığan tələbələrə verdikləri mükafatların birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib. O, Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun tələbələrə elektrikli qəfədanı hədiyyə etməsində heç bir qəbahətin olmadığını söyləyib:
"Çaynik pisdi ki? Nə verməli idi? Sağ olsunlar ki, dəvət edib, təbrik edib bağrına basdı. Bu dərəcədə məsələyə yanaşmaq olmaz.Mən də istərdim ki, imkan daxilində icra başçıları tələbələrin 1 aylıq xərclərini ödəsinlər. İnsanlar evində oturub çox şey deyir, amma bəlkə imkanı yoxdu? Əsas odur ki,onları qəbul edib uğurlar arzulayıb. Biri də deyir ki, filankəs kitab verib. Universitetə girənə kitab verərlər də, qaloş verməzlər ki.
Deputat icra başçılarının pulu olmadığı üçün bu cür etdiklərini söyləyib. O, özünün də pulu olmadığı zamanlarda kreativ hədiyyələr bağışladığını etiraf edib. A.Abbas toylardan birində pulu olmadığı üçün kitab belə yazdırdığını söyləyib:
"Hədiyyənin ucuzu yoxdu. Toyda pul əvəzinə kitab yazdıranlar da olub. Elə mən özüm də toyda cibimdə pulum olmayıb, pul əvəzinə kitab yazdırmışam. Görün indi pul yazdıranlar xatırlanır, yoxsa kitab yazdıranlar? Mən bilirəm ki, toy sahibi məni heç bir zaman unutmayacaq. Kimin pulu yoxdusa toya gedəndə bunu edə bilər.