Abşeron rayonunda narkotik maddə almaq üçün akkumlyator oğurlayaraq satan dəstə üzvləri saxlanılıb.
Unikal.org-un məlumatına görə, üç nəfərdən ibarət dəstə Binəqədi və Abşeron rayonlarında əsasən yük maşınlarının akkumulyatorlarını oğurlamaqla məşğul olublar.
Dəstənin rəhbəri sayılan 34 yaşlı Sabir Xəlilov Hökməli qəsəbəsində yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərirmiş. O, idarəsində olan yük avtomobilindən oğurluq zamanı istifadə edib.
Dəstənin digər iki üzvü - Hökməli qəsəbə sakini 26 yaşlı Heybət Dadaşov və həmin qəsəbənin sakini 27 yaşlı Vidadi Yusifov əsasən yük avtomobillərinin akkumulyatorlarını oğurlayaraq S.Xəlilovun idarəetməsində olan yük avtomobilinə yükləyiblər. Daha sonra oğurladıqları dəyəri 300 manat olan akkumulyatorların hər birini metal qəbulu məntəqələrinə 50 manata satıblar. Əldə etdikləri pulları narkotik maddəyə xərcləyən hər üç şəxs Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.
Onların 10-dan çox yük avtomobilindən akkumlyator oğurladıqları bildirilir.