Bir neçə gündür ki, "İnstagram" sosial şəbəkəsində yeni bir funksiya yaradılıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, artıq yeni sistemə əsasən, şərh bölməsinə nəzarət istifadəçidən asılı olacaq.
Bu funksiya daha çox məşhur ulduzların xeyrinə qurulmuş bir sistem hesab etmək olar. Belə ki, şərh bölməsinə yazılan tənqid və söyüşlərə şou-biznesin tanınmış simaları birbaşa nəzarət edəcəklər. Tanınmışlar onlara ünvanlanan təhqiredici ifadələri sistemdə qeyd edəcək, bununla da söyüşdən istifadə edən şəxslər avtomatik olaraq qara siyahıya salınacaqlar.
Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən tez-tez tənqid olunan şou nümayəndələrinə müraciət edib. Onlar "İnstagram"ın yeni funksiyası ilə bağlı öz fikirlərini səsləndiriblər.
Sosial şəbəkə istifadəçiləri ilə tez-tez qalmaqal yaşayan, bəzən onlara sərt cavab verən Nadir Qafarzadə mövzu ilə bağlı danışıb:
"Əslində bu sistem çoxdan olmalı idi. Çünki bəzi adi "insanlar" monitor arxasında "pələng"ə dönüb, tanınmış simalara xoş olmayan şərhlər yazırlar. Amma bunun səbəbini hələ də anlaya bilmirəm. Mənə söyüş yazanların əksəriyyəti öz cavablarını artıqlaması ilə alır. Bəzən bir çox tanışlar deyirlər ki, "fikir vermə".
Amma o "fikir vermə" deyən insanları söysələr, onlar da cavab verər. Məsələn, Avropanın bir sıra ölkələrində sosial şəbəkədə təhqir yazanları cəzalandırırlar. Yaxşı ki, bu sistem bizdə tətbiq olundu. Hər bir halda hər bir insan ailəsinin güzgüsüdür. Təhqir yazan da öz tərbiyəsini nümayiş etdirir".
Xatirə İslam isə yeni funksiyadan xəbərdar olduğunu söyləyib:
"Dünən Tolik mənə bu sistem barədə məlumat verdi. Mən də ona dedim ki, köməkçim yanımda deyil, bir neçə gündən sonra tətbiq edəcəm. Belə instaqramda fotonu güclə paylaşıram, elə də başım çıxmır. Ancaq son dövlər mənə yazılan şərhləri oxumuram. Vaxtım olmur".
Müğənni Səidə Sultan yeni yaranan sistemdən istifadə etməyəcəyini bildirib:
"Təzə səhifəmi açanda mənə mənfi rəylər daha çox yazılırdı. Özüm qara siyahıya atırdım, hətta ürəyim dözməyib cavab belə verirdim. Gördüm ki, cavab qaytaranda daha çox yazırlar. İndi yaza bilərlər ki, səndən zəhləm gedir. Adama deyərlər, zəhlən gedirsə mənim səhifəmdə nə işin? İndi isə məni söyən, mənfi rəy yazan yoxdur. Amma dediyiniz sistemdən istifadə etməyəm, ehtiyac yoxdur".
Sonuncu dəfə instaqramda söyüşlərə məruz qalan, şəbəkə istifadəçilərinə sərt cavabı ilə gündəmə Roza Zərgərli isə sistem qurucularına təşəkkürünü bildirib:
"Əlbəttə, həmin funksiyadan istifadə edəcəm. Mən sizə müsahibəmdə qeyd etmişdim ki, belə sistem qurulsa, əla olar. Öz adımdan istagrama təşəkkür edirəm".