"Aborta pul tapa bilmədiyim üçün uşağı dünyaya gətirmək məcburiyyətində qaldım. Ancaq ətrafımdakı insanların qınağından qorxub onu tualetdə qoyub qaçdım.
Bu sözləri Ayşə A. bir neçə il əvvəl məhkəmə zamanı ifadəsində deyib. Onun sözlərinə görə, münasibətdə olduğu insan uşağı qəbul etmədiyi üçün başqa əlacı qalmayıb.
Ölkəmizdə və dünyada hər il bu və ya başqa səbəblərdən qadınlar aborta müraciət etmək məcburiyyətində qalır.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, "Guttmacher İnstitunun builki araşdırmasına əsasən məlum olub ki, dünyada hamilə qalan hər dörd qadından biri abort etdirir. Əvvəlki illərə nisbətən sayı hər il daha da artan abort üçün müraciətlər artıq 56 milyonu keçib. Qeydə alınan bu rəqəm 1990-cı ilin əvvəllərində 6 milyon az idi. Maraqlıdır ki, orta aylıq əməkhaqqısı aşağı olan ölkələrdə abort üçün müraciətlərin sayı daha yüksəkdir.
Bəs ölkəmizdə vəziyyət necədir?
Uzman ginekoloq Rəşad Sultan məsələyə münasibət bildirən zaman ölkəmizdə abort üçün müraciət edənlərin çoxunun ailəli qadınlar olduğunu bildirib. Onun sözlərinə görə, ailəli qadınlara nisbətən nikaha girməmiş hamilə qalanların, uşağın cinsiyyətinə görə müraciət edənlərin sayı daha azdır:
"Azərbaycanda işlədiyim müddətdə abort üçün 18 yaşdan aşağı müraciət edən şəxslər olmayıb. Amma bu o demək deyil ki, ölkədə belə hallar baş vermir. Əgər müraciət edən olsa, bizim onlara xidmət etmək borcumuzdur. Çünki qanunlarımıza görə, hər xəstənin 12 həftənin altında hamiləliyini könüllü şəkildə sonlandırmaq hüququ var. Ancaq 18 yaşdan aşağı bütün xəstələr sadəcə valideyninin iştirakı ilə müayinə oluna bilər. Bundan başqa, sözügedən yaş həddinə çatmış qadın hamiləliyini sonlandırmaq üçün müraciət etdiyi təqdirdə biz mütləq polis orqanlarını xəbərdar etməliyik. Bu zaman qadının evli və ya subay olmasının heç bir fərqi yoxdur. Tibb işçisiyik və vəzifəmizi yerinə yetirmək borcumuzdur.
Ginekoloqun sözlərinə görə, abort üçün müraciət edən qadınların sayının yüksək olmasının əsas səbəbi qadınların cinsi əlaqə zamanı qorunmamasıdır:
"Abort kiçik cərrahi müdaxilədir və onun da özünə görə riskləri var. Qanaxma, infeksiya və gələcəkdə hamilə qalmaqda çətinliklərə qədər gedib çıxa bilir. Bu səbəbdən də biz-həkimlər qorunmağın tərəfdarıyıq. 2-3 doğuşdan sonra çox ailə artıq uşaq istəmir. Ancaq buna baxmayaraq qorunmağa etinasız yanaşır. Qorunmağın da 3 effektiv vasitəsi var: prezervativ, spiral və həblər. Qadınlarımızın çoxu hamiləlikdən qoruyan tabletləri qəbul etməkdən qorxur. Lazımsız dərmanları qəbul etsələr də, ginekoloqlar qorunmaq üçün həbləri məsləhət görəndə çəkinirlər.
Əfsuslar olsun ki, ölkəmizdə həyat yoldaşının, qayınana və digər ailə üzvlərinin təzyiqi ilə hamiləliyini sonlandırmaq qərarı alan qadınlarımız da sayı az deyil. Bu kimi müzakirələrin aparıldığı sosial şəbəkə qruplarından da məlum olduğu kimi, ailələr hələ də qız uşaqlarını abort etdirməyə meyillidir.
Psixoloqlar abort qərarının qadınlara psixoloji baxımdan böyük təsir etdiyini vurğulayır. Xüsusilə də narkozsuz əməliyyatlarda qadının ağrını hiss etməsi onda travma təsiri yaradır. Hamiləliyini könüllü şəkildə sonlandırmaq istəyən qadının qərarına hörmət edilməli, yaxınları tərəfindən lazımi dəstək verilməlidir. Bəzi hallarda əməliyyatın təsiri qadında depresiya və digər psixoloji problemlərə yol açır ki, bu zaman da psixoloq məsləhəti vacib olur.