Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neft məhsullarının istehsalı prosesi bərpa olunduqdan sonra ölkəyə gətirilən Aİ-92 markalı avtomobil benzinin idxalı dayandırılıb.
Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
"Azərbaycanda benzin çox ucuzdur. Qiymət o qədər aşağıdır ki, hətta vergilər götürülsə belə, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Biz zavod təmirə dayanan zaman tələbatın ödənilməməsindən ehtiyat etdik. Ona görə hökumətdən aksiz vergisi və gömrük rüsumunda dəyişiklik edilməsi barədə xahiş etdik. Ötən müddətdə Azərbaycana 30 min ton Aİ-92 markalı avtomobil benzini idxal edilib. Ölkədə tələbatı tam ödədik, heç bir çatışmazlıq olmadı, benzin istehsal olunmaması hiss edilmədi. Lakin vergilər götürülsə də, bu, bizə bir neçə milyon zərər vurub", - deyə R.Abdullayev qeyd edib.