Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırlıb.
Fonddan Unikal.org-a verilən məlumata görə, 16 sentyabr 2016-cı il tarixindən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Xatırladaq ki, xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3%-dir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 16 sentyabr 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.