Boyun ağrıları bir çox insanı narahat edir. Belə ağrılar müxtəlif səbəblərə görə inkişaf edir.

Unikal.org Saglamolun.Az-a istinadən həmin səbəblərdən bir neçəsini təqdim edir:

- Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzələlərində gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir.

Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir - boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri "boşaldır" və ağrılardan xilas edir.

- Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu, ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələrarası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də burada böyük rol oynayır - əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə bu pozulmanın inkişafının riski artmış olur.

- Fəqərələr arası yırtıq. Bu, osteoxondrozun nəticəsindir. Nazilmiş fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə hiss olunur. Digər simptomlar arasında - qollarda keyimə, baş ağrıları.

- Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə saxlamağa çalışır.

- Miozit - əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina, qripp), soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox hallarda miozitin səbəbi adi yelçəkən olur. Xəstə başını çevirə bilmir, boyun sanki "donur". Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır.

- Stresslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir.