Həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən hər bir insan taleyi bizim ürəyimizi ağrıdır. Yaşından asılı olmayaraq, sağalmağa gedən insanın sırf səhlənkarlıq və məsuliyyətsizlik nəticəsində həyatını itirməsi təkcə onun ailəsi üçün yox, bütövlükdə cəmiyyət üçün böyük faciədir.
Unikal.org bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Həkim səhlənkarlığı nəticəsində insan ölümlərinin artıq adi bir hala çevrildiyi günümüzdə çox aktual olan bu məsələyə bir neçə prizmadan yanaşan millət vəkili ilk növbədə baş verən hadisənin daha dərindən araşdırılmasının vacibliyini qeyd edib:
"Həkimə gec müraciət etmək halları da olur və bunu da vurğulamalıyıq. Ancaq ən mühüm problem birbaşa həkimin hazırlıqsızlığı, səhlənkarlıq etməsi nəticəsində insan həyatına son verməsidir ki, bu, hazırda hamımızı, bütün cəmiyyəti çox ciddi narahat edir. Sırf səhlənkarlıq nəticəsində, başqa sözlə desək, məhz həkimin cinayətkarcasına səhvi, az qala, qəsdən adam öldürməsi ilə daşıdığı xəstəliyə görə baş verən xəstə ölümü hadisəsi arasında böyük fərq qoymaq lazımdır. Hesab edirəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Səhiyyə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun tərkibində olayla əlaqəli və hazırlıqlı qrup olmalıdır ki, belə hadisələr baş verdikdə məsələni qısa zamanda araşdırıb əsl həqiqəti ortaya çıxarmaq mümkün olsun. Eyni zamanda, proses barədə məlumat verilməlidir. Əgər xəstə sırf həkim səhlənkarlığı ilə dünyasını dəyişərsə, bu zaman onun cinayəti artıq "qəsdən adam öldürmə maddəsinə tövsif edilməlidir.
Millət vəkili son zamanlar məsələnin araşdırılmadan həkim və tibbi personalın xəstənin yaxınları tərəfindən döyülməsi hallarına da münasibət bildirib:
"Əlbəttə, elə vəziyyət yaranmamalıdır ki, həkim zəruri əməliyyatdan çəkinsin və qorxsun, çünki belə halda da xəstənin ölümü baş verə bilər. Buna görə də məsələyə sırf qanun çərçivəsində yanaşılmalıdır. Zəruri və təxirəsalınmaz əməliyyat barədə dəqiq diaqnoz qoyulubsa, həkim əməliyyatı etməlidir və bu məqamda əməliyyatdan çəkinən həkim artıq məsuliyyət daşımalıdır. Əksinə, heç bir zəruri ehtiyac olmadan əməliyyat aparan və yaxud sırf səhlənkarlıq nəticəsində xəstənin ölümünə səbəb olanlara münasibət birmənalı olaraq sərtləşməlidir.
Qeyd edək ki, son günlər sırf həkim səhlənkarlığı ucbatından artan ölüm halları həkimlərin cinayət məsuliyyətinin artırılmasını zəruri edir. Hazırda səhlənkarlıq nəticəsində insan ölümünə səbəb olan həkimlərin əməlləri Azərbaycan Cinayət Məcəlləsinnin 124-cü maddənin (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) 1-ci bəndinə tövsif edilir ki, bu maddədə də cəza ən çoxu üç ilədək azadlıqdan məhrumetmənu nəzərdə tutur.
Professor, hüquqşünas Fərhad Mehdiyev bildirir ki, CM-in 124-cü maddəsinin əskik tərəfi həkim səhvinin dərəcəsini nəzərə almadan, ağır ehtiyatsızlıq formalarında belə maddi cərimədən başlayıb, ən çoxu 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutmasıdır. Onun sözlərinə görə, bu maddənin ədalətli cəza hissəsi, CM 263.2-də olduğu kimi, azı 2 ildən başlamalı və ən çoxu 6 illə məhdudlaşmalıdır.