Millət vəkili Fazil Mustafa müğənnilərin vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, deputat müğənniləri tənqid edərək, onların ölkədən çıxarılmasını istəyib:
"Vergilər Nazirliyinin bu qərarını anlamadım. Fikrimcə, vergi borcu olan müğənnilərin "ölkədən xaricə getməsinə qadağa qoyulması" vəziyyətdən çıxış yolu deyil. Bəlkə, vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayiəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq daha məsləhətdir? Bundan sonra da çıxarılanların bir daha ölkəyə qayıtmasına qadağa qoyulması Azərbaycan xalqına edilən ən böyük yardım olmazdımı?
Təsəvvür edin ki, toy müğənnilərinin çoxu ölkədən çıxarılıb və geri qayıda bilməyib, o zaman hər gün qarşılaşdığımız bu vəhşi toy adətlərində çəki-düzən yaratmaq üçün nələr etmək olmazdı? Onsuz da zəhlətökən səsgücləndiricidən, fonoqramla oxunan mahnını eşidən yoxdur, əksəriyyət də musiqini deyil, öz bacardığını oynayır, israfçılıq da baş götürüb gedir. Artıq toyun müğənnisi olmayanda daha rahatlıqla və az məsrəflərlə bir yeni ailənin qurulmasına şahidlik etmək imkanımız yaranacaq. Bu zaman həm də toy sahibi "şadlıq evinin pulunu necə verəcəyəm" bədbəxtliyindən, "iki gəncin xoşbəxtliyi, maddi rifahi üçün nələr etməliyəm" barədə düşünə biləcəkdir.
Allah hamının ocağında toy, düyün, xeyir işlər qismət etsin, ancaq bu gün şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılıqdan, səhhət pozuntusundan başqa bir şey deyildir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki... İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhinə olanlar belə, səbirsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər".